Bakıda sərnişin və yükdaşıma sahəsində problemlər müzakirə olundu – FOTO – Yenicag.Az

Reklam

Reklam

Bu gün Bakıda sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ilk öncə çıxış edən “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı sərnişin və yükdaşıma sahəsində görüləcək işlərlə bağlı məlumat verib. Bildirib ki, bu sahədə olan problemləri həll etmək üçün bir dövlət qurumunun deyil, bir neçəsinin birgə əməkdaşlığı önəmlidir. Bu səbəbdən bu gün təşkil edilən tədbirdə məqsəd Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəhbərliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəzarəti Xidmətinin və DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri ilə müzakirə edib müvafiq həll yollarını tapmaqdır.

Sonra çıxış edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var. O qeyd edib ki, bu gün Azəbaycanda 80 minə yaxın kənd təsərrüfatı texnikası var: “Lakin bu texnikanı düzgün idarə edəcək kadrlar çatışmır. Bəzi insanlar sürücülük vəsiqəsi olmadan bu nəqliyyat vasitələrini idarə edirlər və xəbər yayılır ki, traktor aşıb, neçə nəfər dünyasını dəyişib. Bu, peşəkar kadrların olmamasından, kənd təsərrüfatı texnikasının düzgün idarə edilməməsindən irəli gəlir”.

Ə.Hüseynov bildirib ki, digər problemlərdən biri də kənd təsərrüfatı texnikasına vaxtında texniki qulluğun edilməməsidir: “Bu il kombayının yanması, aşması ilə bağlı faktlar qeydə alınıb. Bütün bunlar qeyri-peşəkarlıqdan irəli gəlir. Ona görə də bu sahədə kadrların hazırlanmasına ehtiyac var”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi Ağakişi Alıyev çıxışında jurnalistlərə və QHT nümayəndələrinə təşəkkür edib və bu cür məsələnin daim gündəmdə saxlanılmasının vacibliyinə toxunub. Qeyd edib ki, bu sahədə maarifləndirmə işinə ciddi ehtiyac var və bunun üçün mətbuatın dəstəyi vacibdir. A. Aliyev buna misal olaraq deyib ki, bəzi mexaniki nəqliyyat vasitəsinin sahibləri həmin maşınları dövlət qeydiyyatından keçirmir. Texniki baxışdan yayınırlar. Həmin nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edirlər ki, bu da problemlərə səbəb olur. A. Aliyev qeyd edib ki, ölkədə dövlət qeydiyyatından keçməyən 20 min maşın var ki, onlardan dörd mini son 3 ay ərzində xidmətin əməkdaşları tərəfindən qeydə alınıb və digərlərinin də aşkarlanması istiqamətində işlər aparılır. O, həmçinin maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib və gələcəkdə geniş tədbirlər planı həyata keçiriləcəyini bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidmətinin sektor müdiri Hüseyn Əzimov çıxış edərək bildirib ki, qurum kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışdan keçirilməsi, istifadəyə nəzarətin təşkili və bir sıra digər məsələlərlə məşğuldur. 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınmadıqda cərimə nəzərdə tutulur. Baxmayaraq ki, biz mərkəzləşdirilmiş qaydada, elektron şəkildə bu qeydiyyatı aparırıq, həmin təsərrüfat maşınları olduğu regionda qeydiyyata alınır. Həmçinin, regional mərkəzlərdə yaradılmış imtahan şöbələrində hər bir mexanizator imtahan verərək sürücülük vəsiqəsi alır.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev çıxışında bildirib ki, Azərbaycanda sərnişin və yük daşınmasında iştirak edən nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib.

İ.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələrinini magistral yollarda istifadə edilməsi yol qəzalarının baş verməsinə səbəb olur. Onun sözlərinə görə, həm yerli, həm də beynəlxalq yük və sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrinin yenilənməsinə ehtiyac var: “Bu istiqamətdə islahatlar aparılmalıdır. Bununla bağlı müəyyən layihələr və təkliflər hazırlanır, işlər tam başa çatdıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik”.

Daha sonra çıxış edən Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bəzi statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, mayın 1-dən indiyə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə olub, 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Təkcə bir hadisədə 6 nəfər həlak olub. O, kənd təsərrüfatı texnikalarının yollarda hərəkətinin təhlükəli olduğunu vurğulayıb: “Məsələn, arxasında kotan olan traktor gecə yolda hərəkət edərkən arxadan gələn maşın kotanı necə görə bilər? Yaxud kənd təsərrüfatı texnikalarının qoşquları ilə sərnişinlərin daşınması yolverilməzdir. Kənd təsərrüfatı texnikaları bir sahədən digərinə təbii ki, asfalt yolla gedir. Tutaq ki, bir kombayn yolla hərəkət edərkən yolun əksər hissəsini tutur. Biz ona görə tövsiyə edirik ki, belə kənd təsərrüfatı texnikaları yola çıxarkən Dövlət Yol Polisi məlumatlandırılsın. Bir məqamı da deyim: dəfələrlə traktor idarə edən sürücülər sərxoş vəziyyətdə aşkarlanıb. Fikirləşirlər ki, traktoru kim saxlayacaq. Bu da qəzalara səbəb olur”.

K.Əliyev həmçinin bildirib ki, DYP rəhbərliyi traktorların və digər kənd təsərrfüatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi ilə bağlı tapşırıq verib.

BDYPİ YPXA-nın komandir müavini Xosrov Nəcəfov çıxış edərək bildirib ki, kənd təsərrüfatı texnikasının bir yerdən başqa yerə getməsi zamanı yol polisi məlumatlandırılsa onları müşayiət edərək əlavə problemlərin qarşısını almaq olar. Onun sözlərinə görə, yol polisi mexaniki nəqliyyat vasitələrinin sürücülərinə daim dəstək olmağa hazırdır. Əsas odur ki, birgə fəaliyyət və maarifləndirmə işi aparılsın.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək ictimai təşkilatlar və mətbuatın bu sahədə rolundan, eləcə də ictimai dəstəyin və nəzarətin vacibliyini qeyd ediblər. Həmçinin bu sahəyə nəzarət edən ictimai şuranın yaradılması təklif edilib.

ATU-nun dossenti Fərhad Eyyubov, “Hed Academy”nin rəhbəri Ruslan İbrahimov çıxış edərək bu sahədə maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyini bildiriblər. Qeyd olunub ki, ictimai dəstək artırılmalı, insanlar maarifləndirilməlidir. R.İbrahimov qeyd edib ki, bəzən sürücülər traktor və kombaynı idarə etməyi özündən böyüklərdən öyrənirlər. Hansı ki, indi müasir texnikalar mövcuddur və bunları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var.

Daha sonra bu sahədə görüləcək işlərlə bağlı fikir və təkliflər ətrafında fikir mübadiləsi aparılıb./Avtosfer.az/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1862
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."