Bakıda səslənən şeirin ƏKS-SƏDASI: “Bölünən millətin birləşmək hüququ var” – Zəlimxan Məmmədli

“Türkiyə prezidentinin verdiyi açıqlama hər hansı formada kiməsə qarışmaq yox, tarixi ədalətsizliyə bir üsyandır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Bakıda keçirilən Vətən Müharibəsində qazanılan qələbəyə həsr olunmuş Zəfər Paradında səsləndirdiyi “Araz” şeirinə İranın xarici işlər naziri Cavad Zərifin “Azərbaycanımız haqqında heç kim danışa bilməz” sözlərilə verdiyi reaksiyaya münasibət bildirən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli Ərdoğanın həmin çıxışının fars şovinistlərini narahat etməsinin təbii olduğunu vurğulasa da, burada narahtlıq üçün heç bir əsas olmdığını bildirib:

“Fars şovinziminin hakim olduğu bir məkanda Türk qorxusunun mövcudluğu təbiidir. Türk kimliyinə qarşı mübarizə onların həm inancında, həm də siyasətində daim yer alıb.

Ərdoğan dünən həqiqəti söylədi. Axı Azərbaycanın “Gülüstan” və “Türkmənçay” müqavilələri əsasında bölüblər. Araz çayı bizi ayıran bir xəttə çevrilib. Ərdoğan bununla ən doğru hədəfi göstərdi.

Bizim kiminsə ərazi bütövlüyünə qəsdimiz yoxdur. Ərdoğanın səsləndirdiyi o şeirdə də Quzey və Güney Azərbaycanı ayıran Araz çayından söhbət gedir. Bu da bizim apardığımız mübarizənin mahiyyətinə uyğundur.

Bu gün Azərbaycanla Türkiyə arasında çox ciddi yaxınlaşma prosesi gedir. Mən Türkiyə ilə Azərbaycanın bu fəaliyyətində faktik olaraq, konfederativ dövlət modelinə uyğunlaşma elementlərini, xarici siyasətdə, müdafiə sahəsində vahid xəttə əsaslanmanı görürəm.

Türkiyə prezidentinin səsləndirdiyi o şeirin qayəsi tarixi ədalətsizliyə qarşı bir üsyandır. Bölünən millətin birləşmə haqqı var. Bunu da narahatlığını gizləməyi bacarmayan fars məmurlarının diqqətinə çatdırmağı özümüzə borc bilirik”.

Aqil Bəkir