Bakıda “seyid” narkokuryer tutuldu – VİDEO

Bakının Nərimanov rayonunda xaricdə yaşayan narkotacirlər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istintaq zamanı X.Allahverdiyev törətdiyi əməli etiraf edib.

X.Allahverdiyev istintaqa verdiyi ifadəsində hər kəsə özünü “seyid” kimi tanıtdığını bildirib:

“Kimsə inanmaz ki, Xudaverdi Allahverdiyev narkotik sata bilər. Çünki hamıya özümü “seyid” kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən elə-belə adam deyiləm. Heyif oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı”.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.