Bakıda skuterlər bu ərazilərə daxil ola bilməyəcək – RƏSMİ

Qısa məsafələri qət etmək üçün elektrik skuterlərdən istifadə artıq bütün dünyada kütləviləşir. Velosiped infrastrukturu olan şəhərlərdə vətəndaşlar bu imkanlardan daha geniş yararlanır.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baku.ws-nin sorğusuna cavab olaraq bildirilib ki, paytaxt Bakıda da müasir tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi, kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər üçün infrastrukturun yaradılması prosesinə başlanılıb.

Qeyd edilir ki, 1-ci mərhələ üzrə İstiqlaliyyət küç., Azərbaycan pr., Mirzəağa Əliyev küç., Bülbül pr. və Fikrət Əmirov küçəsi olmaqla ümumilikdə 3000 m məsafədə müvafiq nişanlanma işləri aparılmış, yol nişanları quraşdırılıb:

“Hazırda marşrut üzrə parklanma yerlərinin təşkil edilməsi istiqamətində işlər aparılır. Artıq 13 məntəqədə parklanma yerləri təşkil edilib.

Qurulan infrastruktur qlobal şirkətlərin Bakıda fəaliyyətlərini genişləndirməsinə şərait yaradıb. Artıq şəhərin mərkəzində skuter icarəsi ilə məşğul olan beynəlxalq şirkətlərin mikromobillik vasitələrini görmək mümkündür.

Qeyd edək ki, təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir. Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.

Yaxın vaxtlarda isə parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkətinin məhdudlaşdırılması üçün funksiya aktiv olacaq. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq”.

COP29