Bakıda SPİRT KABUSU – Zəhərlənmələrin çoxalmasına SƏBƏB NƏDİR?

“Texniki spirtdən ölüm halının baş verməsində əsas səbəblərdən biri bu sahədə müəyyən yoxlama işlərinin aparılmamasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, insanı daxildən zəhərləyən spirt yararsız hesab olunmalıdır:

“2016-cı ildə spirtli içki istehsal edən müəssisələrdə lisenziyalar ləğv olundu. Həmin vaxtda 14 ədəd spirtli içki istehsal edən müəssisə vardısa, hazırda bu müəssisələrin sayı 124-ə çatıb. Düşünürəm ki, toxunulmazlıq şəraitinin yaradılması və lisenziyaların ləğv olunması da əsaslı səbəblərdən biri kimi göstərilə bilər. Çox təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu vəziyyətə nəzarət və insanların təhlükəsizliyini təmin etmək məsələsində acizdir. Ümumiyyətlə, AQTA-nın əsasnaməsində dəyişikliklər edilməlidir. Onlar cəld yoxlama mexanizminə malik olmalıdır. Yoxlamaların qadağan olunması, xüsusən də istehsal müəssisələrində yoxlama işlərinin və şəraitinin olmaması da səbəb kimi göstərilə bilər”.

Texniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə deyib ki, burada əsas məsələ spirtlər arasında fərq qoymaqdır ki, onlar haqqında məlumatları insanlara çatdırmaq üçün müəyyən maarifləndirmə tədbirləri görülsün:

“Burada ilkin məsələ ondan ibarətdir ki, etil və metil spirtinin qoxusu və rəngi bir-birinə bənzəsə də, onları fərqləndirmək lazımdır. Çünki etil spirtinin tərkibinə müəyyən miqdarda su qatdıqda, o arağa çevrilə bilir. Lakin metil spirtində isə bu belə deyil. Bu spirt insan ölümünə səbəb ola bilir. Düşünürəm ki, insanlar arasında müəyyən informasiya və maariflənmə tədbirləri həyata keçirilsə, bu zaman ölüm və zəhərlənmə hallarının qarşısını müəyyən qədər almaq olar”.

Nəzrin Bünyatova