Bakıda sürüşmə sahələrində aktivlik artdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıdakı sürüşmə əraziləri ilə bağlı mövcud vəziyyəti açıqlayıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, Bayıl və “Teleqüllə” sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. Badamdar sürüşmə sahəsi – istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr və yeni çatlar qeydə alınıb. Hazırda ərazidə gərgin vəziyət saxlanılmaqdadır.

Səbail rayonunda “Buxta küçəsi” sahədə quraşdırılmış mayaklarda çatlar müşahidə edilib və prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Suraxanı rayonunda Əhmədli – Günəşli arası sürüşmə sahəsində isə aktivlik qeydə alınmayıb. Ancaq “Zığ-1” sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub. Nisbi aktivlik həmçinin Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsindəki sahədə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında qeydə alınıb.