Bakıda “TAKSİ İNQİLABI”: “Bu xidməti bir qərar və ya sərəncamla idarə etmək mümkün deyil” – Ekspert RƏYİ

“Exspres taksi xidmətinin yaradılması müsbət addım olsa da, bu sahədə idarəetmənin düzgün təşkili mümkün olmayacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda yaradılması nəzərdə tutulan exspres taksi xidməti fonunda sərnişinlərin ciddi tələbat duyduğu “1 manatlıq” taksilərin fəaliyyətinin dayandırılacağına münasibət bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov deyib.

Fərhad Eyyubov bildirib ki, Bakıda taksi xidməti göstərən avtomobillərin ümumi sayı heç də çox deyil. Hazırda paytaxtda taksi sayına tələbat 20-30 min civarındadır:

“Əslində, paytaxt Bakıda sərnişindaşımaya yönəlik ümumi tələbat standartlara uyğun olmalıdır. Buna görə də bir neçə göstəricilərə əməl edilməsi zəruridir. Bu göstəricilərdən biri taksi xidmətinin düzgün təşkilidir.

Belə ki, taksi xidmətinin həyata keçirilməsində sərnişinlərin ödəniş etmək qaydası, sərnişin məmnuniyyəti, sürücü-sərnişin münasibəti, taksi modeli kimi amillər nəzərə alınmalıdır.

Təəssüf ki, ölkəmizdə taksi xidməti modeli tam formalaşmayıb. Taksi xidmətini bir qərar və ya sərəncamla idarə etmək mümkün deyil. Çünki taksi daşımalarında tələbatlar və əhalinin sosial vəziyyəti kifayət qədər fərqlidir.

Elə insanlar var ki, sırf öz rahatlığı üçün taksi xidmətindən istifadəyə üstünlük verirlər. Əksər insanlar isə məcburiyyət qarşısında qalaraq, taksi xidmətindən istifadə edirlər”.

Fərhad Eyyubov vurğulayıb ki, paytaxt Bakıda taksilərin fəaliyyətinin tənzimlənməsi üçün kompleks tədbirlər görülməlidir. Ən başlıcası isə taksi sürücüləri şəhərdəki ünvanları yaxşı tanımalıdırlar:

“Bakı Nəqliyyat Nazirliyinin hazırda öz funksiyasını tam yerinə yetirməsi imkan xaricindədir. Çünki bu qurumun insan və maddi resursları geniş deyil. BNA-nın öz üzərinə düşən vəzifələri normal yerinə yetirməsi üçün idarəetmə mənbəyi olmalıdır.

Bu baxımdan, exspres taksi xidmətinin fəaliyyəti üçün xüsusi metodikadan istifadə edilməlidir. Xarici ölkələrdən bir-iki metod öyrənməklə, taksi xidmətini idarə etmək olmaz.

Əksər taksi sürücüləri ünvanları elektron xəritələr vasitəsilə tapırlar. Halbuki taksi xidmətinin təşkili zamanı sürücülərin ünvanları və digər standartları bilmələrinə xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən, taksi parkları genişləndirilməli və sürücülərin innovativ vasitələrdən normal istifadəsi üçün əlverişli şərait yaradılmalıdır”.

Gülşən Şərif

COP29