Bakıda xarici ölkə vətəndaşının 18 min manat pulunu oğurlamış taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl Rusiya vətəndaşı, A.Koşolov işlədiyi stendquraşdırma şirkəti tərəfindən Bakıya ezamiyyətə göndərilib. Paytaxtda keçirilən beynəlxalq sərgidə texniki işləri görən qonaq daha sonra Bakının mərkəzindəki bar və klublarda tanışı ilə əylənib. Daha sonra tanışı onu tərk etdikdən sonra A.Koşolov sərxoş halda taksi sifariş edib. Bolt tətbiqi vasitəsilə sifarişi qəbul edən “Kia Rio” markalı taksi müştərini Xətai rayonu Xocalı prospektində yerləşən hotelə aparıb.
Yolda olarkən A.Koşoluv taksi sürücüsü, 1996-cı il təvəllüdlü Orxan Verdiyevə homoseksual xarakterli görüş təklif edib və hoteldəki otağına dəvət edib. Onlar otağa daxil olandan sonra Orxan həmin şəxsin duş qəbul etməsindən istifadə edərək, onun çantasındakı 18 min manatı oğurlayaraq uzaqlaşıb.
Hadisədən sonra A.Koşolov pulların oğurlandığını aşkar edib və Orxana zəng edərək pulları qaytarmasını tələb edib, əks təqdirdə polisə şikayət edəcəyini bildirib. Orxan bir qədər sonra hotelin foyesinə qayıdaraq 10900 manat pulu A.Koşolova geri qaytarıb. Bu zaman hotelə gələn polis əməkdaşları Orxanı saxlayıblar.
Orxan Verdiyev barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi açılıb. O, ifadəsində oğurluq etdiyi məbləğin şişirdildiyini deyib. Lakin Orxan daha 600 manat pulu da geri qaytarıb.
Xətai rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Orxan 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməsi qadağan edilib.
Bundan başqa üzərinə elektron qolbaq taxılıb və Bakı şəhəri ərazisini tərk etməsi, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi, kütləvi tədbirlərdə iştirak etməməsi ilə bağlı üzərinə konkret vəzifələr qoyulub.