Bakıda təhsil konfransı keçirilib – VİDEO

Avrasiya Universitetləri Birliyinin təşəbbüsü ilə Bakıda “Təhsildə beynəlxalqlaşdırma: Azərbaycan və Türkiyə örnəkləri” mövzusunda konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda Avrasiya Universitetləri Birliyinin sədri, İstanbul Aydın Universitetinin təsisçisi, doktor Mustafa Aydın, Azərbaycan Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli, millət vəkilləri Elman Nəsirov, Hikmət Babaoğlu, Musa Qasımlı, təhsil müşaviri Mahmud Ağırman, ali təhsil ocaqlarının rektorları və prorektorları iştirak ediblər.

Toplantının keçirilməsində əsas məqsəd dünyada dəyişən şərtlər altında universitetlərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinin müzakirəsi olub.

Çıxış edən Mustafa Aydın qeyd edib ki, bu gün dünyada dəyişən şərtlər universitetlərin beynəlxalq əlaqələrini daha da inkişaf etdirməsini zəruri edir. O qeyd edib ki, əgər universitetlər ayaqda qalmaq, dünya təhsil sisteminə inteqrasiya etmək istəyirsə, beynəlxalq əlaqələrinə diqqət yetirməlidir. Bu istiqamətdə o, Azərbaycanla Türkiyə universitetlərinin birgə əməkdaşlığına diqqət çəkib. Mustafa Aydın aparılan siyasət nəticəsində hazırda Türkiyədə 140 mindən çox əcnəbi tələbənin təhsil aldığını bildirib.

İsa Həbibbəyli isə çıxışında Azərbaycanın təhsil sistemində aparılan islahatlardan danışıb. O, bu gün ölkəmizdə çoxsaylı tələbələrin təhsil aldığını, bu sayın artırılmasının vacibliyini qeyd edib.

Digər çıxışçılar da Azərbaycan təhsilinin bugünkü vəziyyətindən söz açaraq, bu sahənin daha da inkişaf etdirilməsi üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Emin Səfərov