“Tıxacın, sıxlığın əsas səbəbi Bakının nəqliyyat sisteminin düzgün tənzimlənməməsi, onun ictimai nəqliyyat vasitələrinin tənzimlənməsi məsələsində doğru strategiyanın olmamasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı şəhərində sıxlığın səbəbləri, universitetlərin köçürülməsi məsələsi və bunun həll yolları haqda danışan Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, bu məsələyə ayrı-ayrılıqda baxmaq, yəni universitetləri şəhər kənarından çıxarmaqla paytaxtda sıxlıq olmayacağı yanaşması da doğru deyil.
“Bakıda sıxlıq sentyabr ayında başlayır və tədris ilinin sonuna kimi davam edir. Universitet və orta məktəblərin eyni vaxtda başlamasının buna öz təsiri var. Lakin düşünürəm ki, təkcə bundan ibarət deyil. Bu məsələyə ayrı-ayrılıqda baxmaq, yəni universitetləri şəhər kənarından çıxarmaqla paytaxtda sıxlıq olmayacağı yanaşması da doğru deyil. Eyni arqumentiləri cəmi bir neçə ay bundan öncə müxtəlif nazirliklər “Prius”lar haqqında, taksilərin sayının çoxluğunun tıxacları yaratdığını deyirdilər və 55-60 min taksidən hazırda Bakı şəhərində ən yaxşı halda, 7-8 min taksi fəaliyyət göstərir və taksi qiymətləri də həmişəkindən 3 qat bahadır. Hələ bəzi taksi şirkətləri fəaliyyət göstərməmişdən əvvəlki qiymətlərdən daha da bahadır”, – deyə o əlavə edib.
Partiya sədrinin sözlərinə görə, tıxacın, sıxlığın əsas səbəbi Bakının nəqliyyat sisteminin düzgün tənzimlənməməsi, onun ictimai nəqliyyat vasitələrinin tənzimlənməsi məsələsində doğru strategiyanın olmamasıdır.
“Burada avtobusların və digər ictimai nəqliyyat vasitələrinin intensiliyinin və intervallarının düzgün ölçülməməsidir. Ümumiyyətlə, ictimai nəqliyyat marşrutlarının cızılması məsələləri hamısı bir-biri ilə bağlı olan məsələlərdir”, – deyə o bildirib.
T.Abbaslı qeyd edib ki, bir binanı tikərək, ora tələbələri yığmaq və buna universitet demək doğru deyil.
“Tutaq ki, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universitetini və yaxud digər universitetləri mərkəzdən Xırdalana və yaxud da kənara köçürdük. Burada tələbələrin həyatı da dəyişir. Onlar yenidən ev tutmalı, adaptasiya olmalıdırlar. Yəni universitetlər artıq özünün yataqxanaları ilə öz şəhərciyi olmalıdır. Yəni bir binanı tikərək, ora tələbələri yığmaq və buna universitet demək doğru deyil. Bu universitetlərin yataqxana problemləri həll olunmalıdır ki, tələbələr dərslərini oxuduqdan sonra qaldığı şəhərciyə getsin və şəhərin bir başından o biri başına evə getməsin”, – deyə o bildirib.
O vurğulayıb ki, tıxac məsələsi Bakının qlobal məsələsidir:
“Düşünmürəm ki, Bakıda bu şəhərin böyüklüyü yaxud əhalinin sıxlığı ilə bağlıdır. Çünki dünya şəhərləri var ki, bizdən qat-qat əhalisi çoxdur, sıxlıq da var, amma tıxac məsələsi tənzimlənir. Çünki peşəkar yanaşma var. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Düşünürəm ki, universitetlərin köçürülməsi məsələsinə ölkə hazır deyil. Bakı Dövlət Universitetinin 20 mindən çox tələbəsi var, amma cəmi bir yataqxana binası var. Yəni bu şəhərciklərin salınması, univeristetlərin öz yataqxanalarının olması və bu məsələlər həll olunmadan tələbələri də şəhərdən kənara çıxarmaq doğru deyil. Əgər çıxarası olsaq, Bakıda qalan kasıb ailənin övladının gündəlik yol xərci də artacaq. Bunlar kompleks yanaşılmalı məsələlərdir”.
İsmayıl Bakuvi