Bakıda tuneldə şampan partladan gənclər tutuldu – VİDEO

Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, xuliqanlıq etmiş gənclər avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olan dostlardır.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, hadisə iyulun 8-də baş verib, toy karvanında iştirak edən bir qrup şəxs bu cür hərəkətə yol verib:

“Hadisə ilə bağlı yeddi nəqliyyat vasitəsi aşkarlanıb, dörd nəfər 20 sutka və bir il sürücülük hüququndan məhrumetmə cəzası alıb, üç nəfər barəsində isə hazırda Nərimanov rayon məhkəməsi tərəfindən qərarın qəbul edilməsi üçün proses gedir”.