Bu gün Bakıda müəllifi Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov və turizm eksperti Rəhman Quliyevin olduğu “Turizm növləri” adlı kitabın təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Dövlət Turizm Agentliyinin rəsmiləri, tanınmış ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbir başlamadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra müəlliflər tədbir iştirakçılarını salamlayıb.
M. Ağakərimov qeyd edib ki, ölkəmizdə turizmə xüsusi əhəmiyyət verildiyi üçün böyük sahəyə çevrilir.
“Dövlətimizin turizm sahəsinə ayırdığı diqqət sayəsində Azərbaycan böyük turizm ölkəsinə çevriləcək”, – deyə o bildirib.
R. Quliyev isə deyib ki, turizm hər il daha da sürətlə inkişaf edir.
“Turizm sahəsinə dövlət səviyyəsində diqqətin ayrılması xaricilər üçün ölkəmizi daha cəlbedici edir. İldən-ilə sürətli turizm inkişafının da əsas təməli məhz dövlət qayğısı və diqqəti ilə əlaqəlidir”, – deyə ekspert vurğulayıb.
Tədbirdə iştirak edən qonaqlar da öz növbəsində, kitabın işıq üzü görməsi ilə Azərbaycanın turizm sahəsinə verəcəyi töhfələrlə bağlı müəllifləri təbrik ediblər.
Qeyd edək ki, bu kitab turizm sahəsinə aid yazılmış və müasir tələblərə cavab verən ilk kitabdır. 12 fəsildən ibarət olan kitabda, turizm növlərinin yaranma tarixi, coğrafiyası barədə geniş məlumat verilir. Eyni zamanda göstərilən turizm növlərinin Azərbaycanda inkişaf perspektivləri göstərilir. Fəsillərdə ekoloji, çimərlik, dağ – xizək, sağlamlıq, tarixi – mədəni, qastronomik, dini, dəniz – çay kruizi, dəmir yolu, etno, kənd ( aqrar ) işgüzar – biznes, kimi müasir turizm növlərindən bəhs olunur.
Dərs vəsaiti ali təhsil ocaqlarında turizm işinin təşkili kursunu keçən bakalavr, magistr və turizm işi ilə maraqlananlar və turizm sahəsində işləyən personal üçün nəzərdə tutulub.
Nəsimi Ələsgərli