Reklam: High Technic
hightechnic

Bakıda “Turkaz magazine” jurnalı təqdim olundu

Aprelin 6-da Türkiyə və Azərbaycanın ortaq nəşri olan “Turkaz magazine” jurnalının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında jurnalın iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə və iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib. Bildirib ki, qardaş ölkələr arasında münasibətlər hər zaman qorunmalı və daha da inkişaf etdirilməlidir.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı və başqaları çıxış edərək jurnal barədə öz fikirlərini bölüşüb və yaradıcı kollektivə uğurlar arzulayıblar.

Jurnalın Türkiyə üzrə rəhbəri Yeganə Quliyeva nəşr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, jurnal ötən ilin noyabrından nəşr olunur və 6-cı nömrəsi artıq çapdan çıxıb. Aylıq tirajı 5 min nüsxə olan jurnalda siyasi, iqtisadi, səhiyyə, kulinariya, moda və s. mövzularda xəbərlər, o cümlədən tanınmış siyasətçilər, iqtisadçılar, səhiyyə işçiləri və iş adamları ilə müsahibələr yer alır.

www.yenicag.az

547