Bakıda voleybolçu Anjelika Morozovanı qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Namiq Vəkilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilovun törətdiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutulub.
Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın Hövsan qəsəbəsindəki evinə gəlib. Namiqin Anjelikaya 500 manat borcu olub və o borcunu ödəyə bilməyib. Bu səbəbdən də onların arasında mübahisə yaranıb. Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.
Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. O, voleybolçu olub.
Namiq Vəkilov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham edilib.