Bakıda xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhər sakini Natəvan Ağayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 2018-ci ilin oktyabr ayında F.X.Xoyski küçəsində Rəvana adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verib. Amma həmin şəxs pulu əldə edəndən sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldadıb. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanılıb. O, izahatında etdiyi cinayəti etiraf edib.
Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Belə ki, araşdırma zamanı R.Babayevanın xadimə kimi işlədiyi Nərimanov rayonu A.Alı küçəsində yerləşən mənzildən 1000 ABŞ dolları və 1 ədəd dəyəri 3000 manat olan xalça oğurladığı da məlum olub. Saxlanılan şəxs oğurladığı xalçanı 1200 manata satıb.
Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Oğurluq və dələduzluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.