Bakıda yarım milyonluq avtomobil: sahibi kimdir? – Video

lambrghhBayram günlərində Bakıya axışan turistlərin diqqətini həm də paytaxt yollarında dolaşan bahalı, super avtomobillər çəkib. Xüsusilə məhdud sayda olan “Lamborghini”lər əsas diqqət mərkəzində olub. O avtomobillər ki, onları hətta London küçələrində görəndə belə insanlar maraqla qarşılayır, şəklini çəkirlər.

Bakıda isə xüsusilə mavi rəngli 90 AZ 030 dövlət nömrə nişanlı “Lamborghini Gallardo”ya tez-tez rast gəlinir. Bir müddət əvvəl bu avtomobil mətbuatın gündəminə gəlmişdi. Satış qiyməti yarım milyon olan “Lamborghini Gallardo”nun “KİAMotors” Azərbaycan şirkətinin prezidenti Faiq Səfərova məxsus olduğu bildirilirdi. Lakin F.Səfərov açıqlama verərək, avtomobilin ona məxsus olmadığını, yalnız onu bir dəfə idarə etdiyini bildirmişdi.

AzNews.az-ın əməkdaşı Tiblisi prospekti ilə hərəkət edən “Lamborghini”ni lentə alandan sonra onun sahibinin kimliyi ilə maraqlanıb. Araşdırma zamanı məlum olub ki, 2013-cü il istehsalı olan “Lamborghini”“S.A.B.A. şirkəti”nə məxsusdur. Bundan əlavə avtomobilin xeyli sayda ödənməmiş cəriməsi var.

Məlumat üçün bildirək ki, 2000- ci ildə fəaliyyətinə başlayan “S.A.B.A. şirkəti” “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir.

Qeyd edək ki, bahalı idman avtomobilləri istehsalçısı olan “Lamborghini” italyan brendinin əsası 1963-cü ildə qoyulub. Hazırda “Lamborghini” Audi alman şirkətinin tərkibinə daxildir və qərargahı İtaliyanın Sant Aqata-Bolonyezye bölgəsində yerləşir.