Bakıda yataqxanada dəhşətli yanğın – Sakinlər belə xilas edildi – VİDEO

“Yanğın beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində mənzillərdən birində başlayıb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub”.

Yenicag.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın nəticəsində dəhlizdəki elektrik kabelləri yüksək temperaturdan əriyib. Yaranmış qatı tüstüdən zəhərlənən bir nəfər dünyasını dəyişib, tüstüdən zəhərlənən bir neçə nəfər isə Toksikologiya Mərkəzinə aparılıb.

120 ailənin yaşadığı yataqxanadan sakinlər təxliyə olunub, binaya elektrik və qaz verilişi təhlükəsizlik məqsədilə dayandırılıb.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Nərimanov rayonun rəhbərliyi gəlib. Artıq yanğının qarşısı alınıb, soyutma işləri aparılıb.

Toksikologiya Mərkəzindən ONA-ya bildirilib ki, yanğın zamanı tüstüdən zəhərlənmiş 5 nəfər Mərkəzə çatdırılıb, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Ölənlər Əliyeva Elza və Əliyev Surxay ər-arvaddırlar.