Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda yerlə8şən yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.
Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, təcili tibbi yardıma 22 nəfər müraciət edib.
Onların 18-nə hadisə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin 14-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onların 5-i xəstəxanaya yerləşdirilib. Digərlərinə isə lazımi tibbi yardım göstərilib və evə buraxılıb.