Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xəzər və Pirallahı rayon şöbələrinin bazasında Fondun 2 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) Xəzər və Pirallahı rayon Məşğulluq Mərkəzlərinin bazasında Xidmətin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata əsasən, ötən ilin dekabr ayında Xəzər rayonunda yaradılan 2 saylı DOST Mərkəzi Xəzər və Pirallahı rayon sakinlərinə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərir.
Bu amil nəzərə alınmaqla DSMF və DMX-nin həmin rayonlar üzrə qurumlarının bazasında 2 saylı Bakı Ərazi şöbəsinin və 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması Fondun və Xidmətin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədini daşıyır.
Hər iki rayon üzrə sosial-məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini 2 saylı DOST mərkəzi həyata keçirəcək.
DSMF-nin 2 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli işləyəcək. Həmin Mərkəzlərdən daxil olan sənədlər və məlumatlar əsasında qanunvericiliyə uyğun sosial təminat növlərinin təyinatı və ödənişini yerinə yetirəcək. Bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.
Həmçinin Xəzər və Pirallahı rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsini, bu proqram çərçivəsində aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 2 saylı DOST mərkəzi aparacaq.
2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması, həll edilməsi, ərazi məşğulluq proqramlarının hazırlanması və s. sahələrdə işləri görəcək.