Bakıda yük avtomobili ilə sərnişin avtobusu toqquşdu – 5 ölü, 21 yaralı / FOTO

Aeroport yolunda yük avtomobili ilə avtobusun toqquşması nəticəsində ilkin məlumata görə, 5 nəfər həlak olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Yenicag.az-a bildirilib ki, yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib:

“Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.