Jurnalist, publisist, tərcüməçi, Rusiya Bu Gün BİA-nin “Rusiya hamı üçün” portalının redaktoru və müxbiri, “amornews.az” saytının baş redaktoru, Dünya Gənc Türk yazarlar birliyinin Rusiya nümayəndəliyinin rəhbəri, Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının müxbir üzvü, Rusiya Sözçülük Akademiyasının müxbir üzvü. Azərbaycanda nəşr olunan “Ulduz” jurnalının redaksiya heyətinin üzvü Nilufər Şıxlının şeirini təqdim edirik:
NECƏ AYRILIQLAR VARMIŞ…
Necə ayrılıqlar varmış, ana!
Buludsuz göy üzündən də
Günəş yox olarmış….
Baharın ilk çağında da çıçəklər solarmış…
Bir an öncə anasının köksündə uyuyan körpə
Torpaqda yatarnış…
Bir evin külü
Aləmi bürüyərmiş başına…
Ölüm
Apardığının
Baxmazmış nə yalvarışına, nə də gözünün yaşına..
Baxmazmış gecəyə, gündüzə, sabaha…
Baxmazmış yazılan savaba,
Olmayan günaha.
Yüz ilin ölüsünə qarışarmış beş yaşlı uşaqlar…
Ana!
Dünyada nə dəhşətli ayrılıqlar, var!
Səninlə sözümün çəp gəldiyi də olur, ana!
Küsüb gedirəm də birdən!
Qüruruma boğulub zəng də vurmuram hərdən…
Dünya əbədiymiş kimi
Günlərlə üzünü görmədiyim də vardı…
İndi qorxu bürüyüb canımı –
Bəs günlərin birində
Səni itirsəm… itirsəm… necə olardı?!
Gördüm ki,
Bir andaca anasını, əzizini itirənlər oldu,
Dondum, qulaqların tutuldu,
Necə dözəsən o naləyə, fəryada?
Ana!
Nə qəribə, nə ansızın ayrılıqlar varmış dünyada!