Bakıdan müharibə çağırışları: “Ermənistanla danışılacaq bir məsələ qalmayıb”

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilən görüş də nəticəsiz olub”.


Bi fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilmiş son görüşün nəticələrini şərh edən politloq Nəsimi Məmmədli deyib.

Nəsomi Məmmədli bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlar xüsusilə, son vaxtlar dalana dirənib:

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana meydan oxuması artıq mütəmadi xarakter alıb. O, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri zamanı Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edərək, indiyə kimi aparılan danışıqların mənasızlığını nümayiş etdirdi. Belə bəyanatlardan sonra qarşı tərəflə danışılacaq məsələ qalmayıb.

Ermənistan ATƏT-in qəbul etdiyi sənədlərə məhəl qoymadığını, Azərbaycanın ərazi bütövlüyünü tanımadığını açıq bəyan edir. Habelə, günahsız dinc insanların qətliamına, bir milyondan çox mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına haqq qazandırır.

İrəvan bəyan edir ki, “bir qarış torpaq da Azərbaycana qaytarılmayacaq. Yeni ərazilər üçün yeni müharibəyə hazırıq”. Azərbaycan işğal edilmiş ərazilərində ermənilərin məskunlaşdırılması və oradakı təbii sərvətlərinin qeyri-qanuni istismarını da dayandırmaq niyyətimiz yoxdur.

Ən əsası da Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin məqsədini “müharibənin nəticələrini qorumaq” kimi xarakterizə etməklə, tərəfləri siyasi-diplomatik dilemma qarşısında qoyub. Ermənistan rəhbərliyinin destruktiv davranışı artıq mütəmadi xarakter alıb və Azərbaycana meydan oxumağa davam edir”.

Politoloq Azərbaycanın belə bir vəziyyətdə qəti addımlar atmaması ilə bağlı bunları deyib:

Azərbaycanın indiki şəraitdə adekvat addımlar atmaması da çox ciddi suallar doğurur. Atəşkəsdən sonrakı dövrdə Qarabağın işğaldan azad edilməsi istiqamətində konseptual yanaşmanın olmaması da vurğulanmalıdır. Təəssüf ki Azərbaycan hökuməti ATƏT-in Minsk qrupunun və Ermənistanın hansı addımlar atacağını gözləməklə işini bitmiş sayır. Sanki ərazisi işğal edilən tərəf biz deyilik. Yaranan imkanları dəyərləndirmək iradəsinin şahidi olmamışıq.

Haqlı olaraq belə suallar yaranır, doğrudanmı Azərbaycan silahlı qüvvələrinin real durumu, Bakıdan verilən bəyanatlar düşməni narahat edəcək səviyyədə deyil? Paşinyan reallıq hissini itirib, yoxsa reallığı daha yaxşı bilir? Ermənistan hökumətinin belə cəsarətli bəyanatlar səsləndirməsinin arxasında çox ciddi gizli səbəblərin olması istisna deyil. Bu, qətiyyən Paşinyanın özfəaliyyətinin, həyasızlığının nəticəsi kimi görünmür. Sanki onları Azərbaycana qarşı belə cəsarətli edən hansısa amillər var.

Uzun illər ərzində aparılan danışıqların nəticəsizliyi hər kəsə aydındır və artıq danışılacaq heç bir məsələ qalmayıb. Ermənistan hökumətinin başçısı və üzvləri beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycana meydan oxuyurlar. Döyüşdə əldə etdikləri qələbəni siyasi-diplomatik qələbə ilə başa çatdırmaq niyyətlərini gizlətmirlər”.

Politoloq vəziyyətdən çıxış yolu kimi Azərbaycan hökumətinin bütün beynəlxalq qurumlara, maraqlı tərəflərə Ermənistanın destruktiv mövqeyi səbəbindən danışıqları dayandırdığını bəyan etməkdə görür:

“Azərbaycan Ermənistana və dünya ictimaiyyətinə müharibənin hər an başlaya biləcəyi mesajını verməlidir. Başqa sözlə, işğalçı ölkəyə qarşı siyasi-psixoloji təzyiqi artırmalıyıq”.

Səxavət Məmməd