“Mövcud pandemiya dövründə insanların ödəmə terminalları qarşısında kütləvi toplaşması yoluxma təhlükəsini daha da artırır”.
2020-ci ilin yanvar ayından etibarən, “BakıKart”ın balansının onlayn ödəniş vasitəsilə artırılması nəzərdə tutulsa da, bu prosesdə hər hansı irəliləyiş baş verməyib.
Bakıda şəhərdaxili marşrut avtobuslarında və metroda gediş haqqının ödənişi üçün istifadə edilən “BakıKart”ın balansının onlayn qaydada artırılmasının təmin olunmaması indiki karantin şəraitində bir sıra risklərə yol açır.
Mövcud vəziyyətdə sosial məsafəyə riayət edilməsinin vacib olduğu bildirilsə də, ödəniş terminalları qarşısında yaranan sıxlıq insanların virusa yoluxma ehtimalını daha da artırır.
Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, ictimai yerlərdə kütləvi toplaşmanın qarşısını almaq üçün “BakıKart”ın balansının onlayn qaydada artırılması təmin edilməlidir:
“Hazırkı şəraitdə insanların bu və ya başqa səbəbdən kütləvi toplanması arzuolunan deyil. Buna görə də çalışmaq lazımdır ki, əhalinin ictimai davranış qaydalarında dəyişikliklər olsun.
Biz anlamalıyıq ki, koronavirus pandemiyası üzündən artıq yeni bir dövr başlayıb. O baxımdan, biz virusla birgə yaşamağı öyrənməli və davranış qaydaları bu vəziyyətə uyğunlaşdırılmalıdır.
Ona görə də ictimai xidmətlərin əksəriyyəti onlayn şəkildə həyata keçirilməlidir. Təəssüf ki, indiki riskli bir vaxtda insanların kütləvi toplaşmasına səbəb olan proseslər baş verir.
İnsanların ödəmə terminalları qarşısında sıxlıq yaratması işin düzgün təşkil edilməməsinin nəticəsidir. Təəssüf ki, biz bu məsələdə də geri qalmışıq və dövrün tələbləri ilə ayaqlaşa bilmirik”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) sözügedən məsələyə dair mövqeyini öyrənməyə çalışsaq da, qurumla əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.
Gülşən Şərif