Bakılı milyarderin 1 milyard dollarlıq əmlakına həbs qoyuldu

Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollar dəyərində əmlakına həbs qoyulması barədə qərar çıxarıb.

Yenicag.az xəbər verir ki, məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb.

İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla, onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.

Qeyd edək ki, İzabel 1973-cü ildə Bakıda Anqolanın gələcək prezidenti, SSRİ-də təhsil almış Xose Eduardo duş Santuşun və onun birinci həyat yoldaşı Tatyananın ailəsində anadan olub. O, Anqola ilə birlikdə Rusiya vətəndaşlığına da malikdir. “Forbes” jurnalı 2020-ci ildə İzabelin  şəxsi sərvətinin 2,2 milyard dollara çatdığını bildirib və onu müasir Afrikanın ən zəngin qadını adlandırıb./Oxu.az/