Bakının azadlığa qovuşduğu gün: “Qardaşlığımız əbədi olaraq davam edəcək”

“Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının böyük sınaqdan müvəffəqiyyətlə çıxmasının bariz nümunəsidir”.

Bu sözləri Bakının işğaldan azad olunması ilə bağlı bugünkü 103 illik tarixi hadisəyə münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri vurğulayıb ki, məhz bu tarixi hadisənin sayəsində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb:

“1918-ci il sentyabrın 15-də əfsanəvi sərkərdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Türk-İslam Ordusu Azərbaycan Korpusu ilə birlikdə Bakını bolşevik-daşnak işğalından azad edərək tariximizə şərəfli bir gün yazıb. Bununla da tam müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi 20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri sayılır.

1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması eyni zamanda Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının böyük sınaqdan müvəffəqiyyətlə çıxması baxımından olduqca müstəsna əhəmiyyət daşıyan bir hadisədir. Qardaş Osmanlı Türkiyəsinin qoşunları bu döyüşlərdə 1130 şəhid verib. Bu gün Azərbaycanın bir çox bölgələrində həmin şəhid türk əsgərlərinin məzarlarına rast gəlmək mümkündür. Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün müsbət nümunədir. Və bizim bu qardaşlığımız əbədi olaraq davam edəcək”.

Gülşən Şərif