Bakının Baş Planı yenidən müzakirə edildi

Bu gün Bakının Baş planı ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaratdığı qurumlararası İşçi Qrupunun növbəti iclası keçirilib.

Yenicag.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, iclasda çıxış edən qurumun sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, ekspertlərin ötən iclasda təqdim etdiyi “Çoxmərkəzli nüvəyə sahib şəhərin formalaşdırılması”, “Əhalinin mobilliyini təmin edəcək ictimai nəqliyyat şəbəkələri” və “Müasir şəhər iqtisadiyyatı” mövzularında ilkin baxışların və müvafiq strateji layihələrin konstruktiv müzakirələrinin nəticələri Baş planın hazırlanması prosesinə dəyərli töhfəsini verib. O, aidiyyəti dövlət qurumlarının rəsmilərinin iştirakı ilə İşçi Qrupun iclasları çərçivəsində bu növ strateji məsələlərin müzakirəsinin böyük əhəmiyyətini vurğulayaraq iclasın gündəliyini və müzakirə üçün təqdim olunan yeni mövzuları diqqətə çatdırıb.

Sonra Bakının baş planının hazırlanması üzrə Komitə tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi – layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritelərinə əsaslanaraq işlənmiş daha bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları (1) “Əlverişli mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması”, (2) “Dayanıqlı ekologiyaya malik şəhər”, (3) “Mədəni irsin qorunması və Yeni şəhər iqtisadiyyatı” kimi mövzuları əhatə edib.

Daha sonra İşçi Qrupunun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 paralel sessiya formatında davam edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri və Komitənin məsləhətçisi olan BCG şirkətinin nümayəndələrinin idarə etdiyi sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparılıb, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənilib. Eyni zamanda iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub.

Xatırladaq ki, İşçi Qrupun ilk iclası bu ilin iyun ayında baş tutub və fəaliyyəti Prezident İlham Əliyevin göstərişi əsasında Komitənin paytaxtın Baş planının hazırlanması üzrə davam etdirdiyi işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.

Noyabr ayında təşkil olunacaq növbəti iclas Strateji Sessiya formatında keçiriləcək və seçilmiş strateji layihələr portfelinin müzakirəsinə həsr ediləcək.