Paytaxın Sabunçu rayonunda yerləşən Zabrat qəsəbəsində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Bir çox satış saytlarında “Zabrat-1”, “Zabrat-2” kimi tanınan massivlərdə həyət evlərinin satışı ilə bağlı elanların sayı kəskin artıb.
Məlum olduğu kimi, Zabrat qəsəbəsi son illər əhalinin ən çox daşınmaz əmlak aldığı və məskunlaşdığı ərazilərdən biridir. Bəs görəsən evlərin kütləvi şəkildə satışa çıxarılması hansı faktorlarla əlaqədardır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, əsas səbəblərdən biri həmin ərazidə olan tıxac problemi ilə bağlı ola bilər:
“Yaz aylarından etibarən həyət və bağ evlərinə tələbat artır. Bu hər il mövsümi olaraq belə davam edir. Təxminən aprel-may aylarından başlayaraq, avqust ayına qədər həyət evlərinə, torpaq sahələrinə müştərilər çoxalır və çoxaldıqca bazara yeni əmlaklar daxil olur. Yeni əmlaklar daha çox olduqda və rəqabət yarandıqda bu istər-istəməz qiymətlərə də təsir göstərir. Belə olduqda bazarda ucuzlaşma gedir. Adətən, bu aylarda həyət və bağ evlərinin, torpaq sahələrinin qiymətinin enməsi özünü göstərir. Bundan əlavə Zabrat kimi ərazilərdə sakinlər çox ciddi tıxac poblemi ilə qarşılaşır. İş yeri, təhsil aldığı yer mərkəzdə yerləşən insanlar üçün saatlarla tıxacda qalma problemi yaranır. Bu kimi hallarla bağlı hər kəs çalışır ki, mərkəzə daha yaxın, metro stansiyaların yanında, infrastrukturu daha uyğun yerlərdən əmlak alsın. Eyni zamanda qeyd edim ki, satışa çıxarılan əmlakların kütləvi xarakter alması hər hansı ciddi problemlə əlaqədar deyil”.
Ekspert belə ərazilərdə evlərinin satışına və qiymətinə sənədləşmə faktorunun da təsir etdiyini qeyd edib:
“Təbii ki, burada sənədləşmə ilə bağlı faktorlar da var. Zabrat, Xırdalan kimi evlərin kütləvi satışa çıxarıldığı yerlərdə satılan evlərin bir çoxu çıxarışsızdır. Digər tərəfdən həyət evlərində bina evlərindən fərqli olaraq, standart qiymətlər yoxdur. Həyət evlərinin qiyməti 25-30 mindən başlayaraq, 100-150 minə qədər dəyişə bilər. Qiymət evin sahəsindən, həyətin böyüklüyündən və sənədəşməsindən asılı olaraq dəyişir”.