Teleqüllə yaxınlığında çatlar yaranıb. Ümumilikdə Bakı və Abşeron yarımadasında sürüşmə zonalarında vəziyyət acınacaqlı duruma gəlib çatıb.
Yenicag.az-ın “Qaynarinfo”ya istinadən verdiyi məlumatına görə, uzun müddətdir ki, memarlar bununla bağlı həyəcan təbili çalır. Amma problem hələ də qalmaqdadır. Bu günlərdə Bakı və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının açıqlamasına görə “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb kimi isə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi əsas tutulub.
Bundan əlavə Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə də atmosfer yağıntıları və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Günəşli yaylası (çökmə) oturma sahəsi də buna misaldır. O zonada da aktivləşmə var. Eləcə də Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Memar Zemfira Budaqova “Cümhuriyət” qəzetinə şərhində deyib ki, təkcə Teleqüllə yaxınlığı deyil, ümumilikdə Bakı və Abşeron yarımadasında bu cür təhlükəli ərazilər var:
“Hansı ki, illərdir ki, bununla bağlı xəbərdarlıqlar edirik. Hər halda biz də nəsə bilirik, oxumuşuq, elmini bilirik. Ötən dəfə də sürüşmələr olanda, fikrimi bildirmişdim. Demişdim ki, yağıntılar da, yeraltı sular da çoxdu. Çünki yayda isti olur, aysberqlər əriyib tökülür, ona görə də okeanlarda, çaylarda su səviyyəsinin qalxması həm də yeraltı suların da qalxmasına imkan yaradır. Yeraltı sularımızın da qalxmağı Abşeron yarımadasında müəyyən fəsadların törənməsinə səbəb olacaq.
Hündür yerlərdə evlər tikib, torpağı ağırlaşdırmaq olmaz. Eşitdiyimə görə “Sahil” metrosu yerləşən ərazidə çox böyük fəsadlar yaranıb. Guya ki, metrostansiyanı təmir edirlər. Amma yer altında nələr baş verir, onu hamıdan gizlədirlər. Ona görə yeraltı suların qalxması yerdə çatların əmələ gəlməsinə, sürüşmələrə səbəb olur. Elə yerlərdə əsasən sürahilərdən istifadə olunmalıdır ki, bunlar da gərək 50-100 metrə qədər yerin altına getsin. Onu da bizimkilər etmirlər. Yüngülvari, yəni 6 metrə qədər sürahilər edirlər və deyirlər ki, bu qədər kifayətdir. Ona görə də o yerlərdə hündür evlərin tikilməsi qadağan olunmalıdır. O cür yerlər yalnız beşmərtəbəli binalara dözə bilər. Bayılda ancaq 3 mərtəbəli evlər vardı. İndi isə hündürmərtəbəli tikililər oranı əhatələyib. Əlbəttə ki, çat verəcək. Sürüşmə olan kimi çat da əmələ gəlir”.
Memar əlavə edib ki, dənizin kənarı olan ərazilər hazırda olduqca təhlükəlidir: “Orada minlərlə fəsad yarana bilər. Sadəcə, bu kimi fəsadlar gizlədilir. Şəhərin içərisində olan bir çox metrostansiyaların yaxınlığında yerləşən ərazilər də həmçinin təhlükəli vəziyyətdədir. “Sahil”, “Nizami”, “İçərişəhər” metrostansiyalarının yan-yörəsində hündürmərtəbəli tikililərin tikilməsi qadağan olunmalıdır. Orada torpağı ağırlaşdırmaq olmaz. 10 ildi deyirəm ki, yeraltı suların qalxması bir çox əraziləri təhlükə altında qoyacaq. Görün, Beynəlxalq Avtovağzal nə gündədir? Ora bataqlığın içində tikilib. Əlbəttə ki, yeraltı su ilə bataqlıq birləşəcək və tikili tamamilə yerin altına gedəcək. Elə bilirlər ki, bu sözlərin hamısı havadan gəlir… Bunlar hamısı oxuduğumuz kitablardan, bilikdən, başdan gəlir. Bu işləri etməsinlər, sadəcə, qorusunlar. Kim harada istəyirsə, orada ev tikdirir.
Hanı bizim baş memarımız? Yuxarı yerlərdə ağıllı başlar oturmalıdır…Bir məmurumuz yoxdur ki, nədənsə başı çıxsın… Bakı, bütün Abşeron yarımadası bərbad gündədir. İki il əvvəl Əhmədli ərazisində sürüşmə baş vermişdi. Hacıbala Abutalıbov isə çıxışında deyir ki, biz bu çatları doldurub, evlər tikəcəyik. Çatı doldurmaq olar? Yerin alt təbəqəsinə qədər gedən çat ilk növbədə zəlzələyə imkan yaradan çatlardır. Bu nə deməkdir? Ona görə də belə fəsadlar baş verir və sürüşmələr də həmişə olacaq”.