Bakının həll olmayan tıxac PROBLEMİ: Sıxlığın əsas səbəbi təhsil müəssisələridir? – AÇIQLAMA

Məktəblərdə payız tətili olduğu üçün şəhərdə tıxac olduqca aşağı səviyyədə müşahidə olunur. Bununla yanaşı, taksi şirkətləri də pik saatlarda qiymət artımı etmirlər. Bu isə cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, tıxacı və taksi xidmətində qiymət artımını yaradan səbəblərdən biri elə təhsil ocaqlarının fəaliyyətidir. Belə ki, ali və orta ixtisas təhsili müəssisələri, orta məktəblər tıxacda böyük pay sahibidir. Tıxaclar isə əsəb və psixoloji baxımdan, həmçinin işçi qüvvəsinin ciddi vaxt itkisi baxımdan mənfi təsirə malikdir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, tıxacların yaranmasının əsas səbəbi təhsil müəssisələrinin fəaliyyəti deyil, burada bir neçə səbəblər var:

“Əslində böyük şəhərlərdə tıxac problemi həmişə aktual olur. Şərqyönümlü şəhərlərdə isə bu problem daha qabarıq üzə çıxıb. Çünki şəhərin infrastrukturu qurulanda mövcud planlama və genişlənmə işlərinə şərait yaradılmır. Ölkəmizdə tıxac problemi əsasən təhsil və qeyri-təhsil müəssisələrinin iş qrafikinin üst-üstə düşməsi fonunda yaranırdı. Son zamanlar isə yay aylarında da paytaxtda tıxac problemi yaşanır. Bu, əhalinin aktivlik səviyyəsi ilə bağlıdır.

Tıxacın yaranma səbəbləri çoxşaxəlidir.

Nəqliyyat sektorundakı əsas problemlərdən biri əhalinin aktivliyindən istifadə edən taksi şirkətlərinin fürsətdən istifadə etmək istəyidir. Bu şirkətlər tıxacı, günün pik saatlarının olub-olmamasına əhəmiyyət vermədən süni qiymət artımı edirlər və nəticədə sərnişinlər əlavə itkilərlə üzləşirlər”.

Gülşən Şərif