!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının işğaldan azad olunmasının 99-cu ildönümü qeyd edilib – Fotolar  

!Reklam – Yazi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda geniş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə keçirilən tədbirdə millət vəkilləri, Türkiyəli qonaqlar, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ATXƏM-in rəhbəri İlham İsmayılov Bakının Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu tərəfindən erməni-rus işğalından azad olunmasını böyük tarixi-siyasi hadisə kimi dəyərləndirib.

O, Azərbaycanda bu mühüm hadisənin növbəti ildönümünün geniş şəkildə qeyd olunmasını “sosial sifariş” adlandırıb. İsmayılovun fikrincə, bu çərçivədə Azərbaycan və Türkiyə təşkilatlarının hər iki ölkədə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan layihələrin icrasına başlamaları təqdirəlayiq addımdır.
ATXƏM rəhbəri xüsusi vurğulayıb ki, əgər Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad etməsəydi, o zaman Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təşəkkülündən də danışmaq mümkün olmazdı.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu isə çıxışında 99 il əvvəlki və müasir dövr arasında müəyyən paralellər aparıb:
“Azərbaycana qarşı 1918-1920 və növbəti illərdə həyata keçirilən siyasət günümüzdə də eyni qaydada davam etməkdədir.
Eyni zamanda, Türkiyəyə qarşı bugünki təzyiqlər də ötən əsrdə baş verən hadisələrin başqa formada təkrarı hesab oluna bilər. Bütün bu məqamlar Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi zərurətini daha da gücləndirir.
Mən Azərbaycan və Türkiyə uğrunda canlarından keçən bütün şəhidlərimizə, həmçinin Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət diləyirəm.
99 il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanı xilas etmək üçün bura göndərildi.

Həmin ordu Qazaxdan keçib, Azərbaycana daxil olanda onun tərkibində 6-7 min əsgər vardı. Lakin Qafqaz İslam Ordusu Azərbaycan ərazilərini azad edə-edə Bakıya yaxınlaşanda onun sıralarında artıq 20 minə yaxın əsgər döyüşürdü.
Bakının 99 il əvvəl Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi, həqiqətən, böyük tarixi hadisədir. Mən ümid edirəm ki, Bakının azad edilməsinin 100 illiyində Qafqaz İslam Ordusunun və Nuru Paşanın adları əbədiləşdiriləcək, onlara layiqli abidələr qoyulacaq. Biz bununla bağlı hökumətə rəsmi müraciət də etmişik”.

Növbəti natiqlər – Milli QHT Forumunun prezidenti Rauf Zeyni, millət vəkili Hikmət Babaoğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışlarında Bakının işğaldan azad olunmasının tarixi-siyasi əhəmiyyətini müxtəlif aspektlərdən qiymətləndiriblər.

Tədbirdə daha sonra çıxış edən Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Azərbaycanın Qafqaz İslam Ordusu və Nuru Paşaya vəfa borcunu onların xatirəsinin əbədiləşdirilməsi ilə ödəyə biləcəyini deyib:
“Qafqaz İslam Ordusu adına görə “İslam ordusu” adlandırılsa da, onu formalaşdırıb Azərbaycana göndərən Turan ideyasının daşıyıcısı və bu əqidə uğrunda şəhid olan Ənvər Paşanın timsalında türklük həmrəyliyi idi. 15 sentyabr çox önəmli gündür və biz Azərbaycan türkləri olaraq, bunu unutmamalıyıq.
Mən Səfər bəylə söhbətlərimdə də hər zaman qeyd edirəm ki, Bakının və Azərbaycanın digər ərazilərini rus-erməni işğalından azad edən, bu savaşda çox sayda şəhid verən Nuru Paşa və Qafqaz İslam Ordusu qarşısında Azərbaycanın bir vəfa borcu var.

Bu vəfa borcu o zaman ödənmiş sayılacaq ki, deyilən fikirlər sözdən işə keçiləcək, gələn il Şəhidlər Xiyabanının görkəmli yerində Nuru Paşanın heykəli ucaldılacaq və o heykəl bizlər üçün bir rəmzə çevriləcək.

Vaxtilə, 1998-ci ildə – Bakının qurtuluşunun 80-ci ildönümü ərəfəsində Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı tədbirlərin keçirilməsi üçün Ümummilli liderimiz Heydər Əliyevə məktub da yazmışdım. Həmçinin millət vəkili Fazil Mustafa da o zaman bu istiqamətdə ciddi səylər göstərdi. Nəticədə, biz Rauf Zeyni ilə birlikdə bu mövzuda müxtəlif tədbirlər təşkil etdik.
Mən çox istərdim ki, mətbuatımız heç olmasa, bir həftə boyunca bu böyük tarixi hadisəni gündəmdə saxlasın. Doğrudur, bu məsələyə həssaslıqla yanaşan media quruluşları bu barədə yazırlar.

Üzr istəyirəm, bir şoumenin, hansısa bir müğənninin şəxsi həyatı ilə bağlı məqamlar günlərlə gündəmdə saxlanılır, amma bu millətin varlığını qoruyub-saxlayan bir ordunun, qəhrəman şəhidlərin xatirəsi anılmır. Belə olmamalıdır.

Biz bu addımı atmadıqca, bizi türklük ruhundan uzaqlaşdıran qüvvələr Qafqaz İslam Ordusuna “işğalçı ordu” damğası vuracaqlar.
Təsəvvür edin, hazırda Britaniya qoşunlarının tərkibində Türkiyəyə hücum edən işğalçı orduda döyüşüb, həlak olan AZNAK qüvvələrindəki əsgərlərin törəmələri bu gün də öz dədə-babalarının məzarını ziyarət etmək üçün Avstraliyadan, Yeni Zelandiyadan Türkiyəyə gəlirlər.
O baxımdan, biz də Qafqaz İslam Ordusunun və Nuru Paşanın adlarını mütləq əbədiləşdirməliyik. Bu addım Azərbaycan dövlətinə yalnız başucalığı gətirər”.
Sonda qeyd olunan çərçivədə keçirilən tədbirlərdə fəallıq göstərən iştirakçılara diplomlar təqdim edildi.

A.Zeynalov

www.yenicag.az

1464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv