!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının mərkəzində MAĞARA insanları – Qaçqınkom onları “görmür”

!Reklam – Yazi

ozal8Gözlərində sevincləri dəfn edilən bu insanların taleyi heç kimi maraqlandırmır

 
Heç bir zaman təsəvvür etməzdik ki, 21-ci əsrdə və Bakının göbəyində bu şəraitdə yaşayan insanlar ola bilər. 18 – 19-cu əsrlərdə Avropanın kömür mədənlərində belə insanlar bu şəraitdə yaşamayıblar yəqin. 
Və bəri başdan deyək ki, Bakının mərkəzində 100-dən artıq ailənin zirzəmi-mağarada yaşaması, həm də ortalama 18-20 il yaşaması dövlətimiz və xalqımız adına rüsvayçılıqdır. Bunu başqa cür adlandırmaq mümkün deyil.
Azərbaycanda Qarabağ və qaçqınların vəziyyəti  1988-ci ildən ölkə gündəminin əsasını təşkil edir. Biz hər gün, hər səhər Qarabağla, qaçqın və köçkünlərin ağır vəziyyəti ilə bağlı xəbərlərlə gözümüzü açır və hər axşam dəyişməyən Qarabağ ab-havası ilə yatağımıza uzanıb gözümüzü yumuruq. Əslində bu bizim həmişə Qarabağ ağrımızı ayaqda tutur və problem öz həllini tapmasa belə, ümidlərimizi yaşadır. 20 ildən artıqdır ki, qaçqın köçkünlərimiz də eyni ümidlərlə gözlərini səhərə açır və eyni ümidlərlə gözlərini gecəyə yumurlar. Bəziləri çoxdan o torpaqlara geri dönmək umidlərini öldürüblər. Bəziləri isə geri dönməməyi  birmənalı olaraq qarşısılarına məqsəd qoyublar.  Çünki Bakıda öz həyat şəraitini qurub, yəni belə mümkünsə, Bakıda özünü və ailəsini yenidən doğurub. Amma böyük əksəriyyət aradan keçirən 20 ildən artıq zaman içində özünü Bakıda yenidən doğurmağı bacarmayıb…
Aradan keçən 22 ildə dövlət qaçqın və köçkünlərin həyat səviyyələrinin yaxşılaşdırılması üçün bəlkə də  yüzlərlə layihələrə imza atılıb. Ortadan keçib gedən 22 il müddətində dövlətin iqtisadi gücü də dəfələrlə artıb və bu iqtisadi güc imkan verirdi ki, bütün qaçqın və köçkünlərin müvəqqəti də olsa, normal şərtlər altında yaşamasnı təmin etsin.
Sözün düzü Bakı ətrafında və rayonlarda salınan qaçqın qəsəbələri bizdə  elə təəssürat yaradıb ki, qaçqın və köçkünlərin mənzil və sosial problemləri minimum həddə olsa belə təmin olunub. Amma ötən həftə Bakının göbəyində, Tofiq Bəhrəmov adına Respublika Stadionunun arxasında və məşhur «Gilavar» restoranı ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binası arasında, Koroğlu Rəhimov 2 ünvanında yerləşən keçmiş xəstəxananın zirzəmisində yaşayan qaçqın və köçkünlərin yaşam səviyyəsi ilə tanış olduqdan sonra əmin olduq ki, bu heç də belə deyil. Söhbət 100-ə qədər ailənin təsvir olunmaz səviyyədə dəhşətli şərtlər altında zirzəmidə yaşamasından gedir.
Bakının göbəyində mağarada yaşayan insanlar varmış
Redaksiyamıza qədər gəlib şikayət edən köçkün vətəndaş beşmərtəbəli köhnə xəstəxananın binasını bizə göstərəndə ilk öncə düşündük ki, yəqin binanın iç vəziyyəti çox pisdir və buna görə də sakinlər şikayətçi düşüblər. Amma dar bir keçiddən zirzəmiyə girərkən nitqimiz qurudu.
Sözün düzü zirzəmiyə ayaq basarkən düşünürdük ki, bura ilk gələn jurnalist bizik. Amma «zirzəmi-mağara sakinləri» ilə  ilk təmasda məlum oldu ki, bizdən əvvəl bura çox jurnalist ayaq basıb və bu «mağara» haqqında çoxlu sayda yazılar yazılıb. Hətta ABŞ-dan gələn jurnalistlər də bu «mağara»dan reportaj hazırlayıb. Son olaraq «Yeni Müsavat» qəzeti burdan reportaj hazırlayıb. Amma boş yerə… Çünki bütün yazılanlar havaya gedib və heç bir dövlət məmuru bu günə qədər bu «mağara» sakinləri ilə maraqlanmayıb. Elə sakinlər də bu üzdən bizi heç də xoş qarşılamadılar. “Sizdən çox görmüşük”  dedilər.
Bura doğrudan bir mağaranı xatırladırdı. Dar koridor uzandıqca uzanırdı və hər yerdə qapılardan insanlar, uşaqlar boylanırdı. Bir qədər getdikdən sonra havasızlıq hiss elədik. Hər yer nəmişlik idi və binanın kanalizasiya torbaları bütün koridor boyu sallanırdı. Hətta «mənzil»lərin içi ilə belə kanalizasiya boruları keçir. Bütün koridor boyu sakinlərin «mətbəx»i uzanır. «Mətbəx» bir qayda olaraq qab-qacaq və əl-üz yumaq üçün qoyulan su kranından, bir neçə qabdan və əldə hazırlanmış elektrik sobasından ibarətdir. Bir neçə mənzilə giririk. Bizi xoş qarşılamasalar da, mənzillərlə tanış oluruq.
İlk girdiyimiz mənzilin eni təqribən 2 metr, uzunluğu isə 3 metrdir. Mənzildə yataq yükü, köhnə televizor, köhnə stol, bir- iki sınıq bir paltaryuyan maşın var. Tavandan kanalizasiya borusu keçir və başımız az qala tavana dəyir. Bu əşyalar mənzilə zorla sıxışıb. Sol tərəfdə bir qədər hündürdə yerləşən tualet görünür. Tualetin hündürlüyü hardasa 1 metrdən bir qədər artıq ola, ya olmaya. Eni və uzunu isə 80 sm kimi görünür. Pəncərə yoxdur. Qapının ağzına zorla soyuducu sıxışdırılıb. Küncdə kiçik televizor hansısa kanalın çal-çağırını göstərir. Tualetlə üzbəüz divarda dolab var. Və demək olar ki, iki-üç addımlıq boş yer var «mənzildə».
«Mənzilin» sahibəsi deyir ki, onlar bu tualetdən həmçinin hamam kimi də istifədə edirlər. Qadın bildirir ki, o, bu «mənzildə» oğlu, nəvəsi və gəlini ilə birlikdə yaşayırlar. 18 ildir ki, bu mağarada yaşadıqlarını dilə gətirən qadın Xocalıdan qaçqın düşdüyünü deyir. Gecələr yerə döşək atır və yatırlar.
Burada 4 nəfərin, həm də qaynana, gəlin, oğul və körpənin yaşaması bizə inanılmaz gəlir. Burada uzun illər boyu necə yaşamaları ilə maraqlanırıq. «Mənzil»in sahibəsi deyir ki, başqa sığınacaq yerləri olmadığına görə burada yaşamağa məhkumdurlar. Və artıq alışıblar. Onların problemi isə heç kimi maraqlandırmır.
Bura həbsxanadan da dəhşətli yerdir
Sözün düzü bu gün Azərbaycan həbsxanalarının şəraiti bu «mağara»nın şəraitindən qat-qat komfortludur. Və biz burada insanların bu qədər uzun müddət yaşamalarına heç bir anlam verə bilmirik. Burdan niyə çıxıb getmirsiniz, niyə səssizcə burada oturursunuz?, sualımıza isə, sadəcə əllərini yelləyirlər.
Qadın deyir ki, (adının çəkilməməsini özü istəyib), burada bütün qaçqın rayonlarından insanlar yaşayır. İyirmi ildən artıq burada yaşayan insanlar var. Təqribən 100-ə yaxın ailə və 400-dən artıq insan20 ildir ki, burada, bu «mağarada»  çürüyürlər. Hətta bu «mağarada»  doğulub böyüyən uşaqlardan indi əsgərlikdə olanlar var, əsgərlikdən  gəlib yenidən burada yaşayanlar da. Yəni bu «mağarada» böyüyüb vətəni müdafiə etməyə gedən gənclər yetişib. Bu «mağaradan» gəlin köçənlərdə var.
O insanlar bura gələndə bir neçə aya buradan köçəcəklərini gözləsələr də, 20 ildən artıqdır ki, burada, inanılmaz şərtlər altında yaşamağa məhkum olublar. Bir həmsöhbətimiz deyir ki, 19 il əvvəl bura yerləşəndə düşünüblər ki, uzaqbaşı bir aydan sonra buradan çıxacaqlar. Çünki inanmayıblar ki, dövlət onları bu şəraitdə yaşamağa məhkum edə. Amma harda… «Biz artıq inanırıq ki, bizi burda ömürlük həbsə məhkum ediblər və bizi artıq əfv etməyəcəklər», deyir həmsöhbətimiz. O, Laçın rayonundandı  və deyir ki, bu günə qədər Laçın rayon İcra Hakimiyyətindən onların halı ilə maraqlanmaq üçün bura gələn kimsəni görməyib. Ramiz Cəbrayılovu Akif Səlimov əvəz edəndə nəsə içimizdə bir ümid yarandı, deyir həmsöhbətimiz. Amma sonradan gördük ki, Akif Səlimovu ancaq öz biznesini böyütmək maraqlandırır. Başqa heç bir şey. Və əlini yelləyir hömsöhbətimiz. Böyründəki isə atmaca atmaqdan qalmır: «Heç olmasa bizi öz restoranlarında, ya da fermalarında işə götürsün».
«Əli Həsənov «qaçqınkomu» qohumlarına bağışlayıb» 
Bu insanlar 20 ildir ki, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə, sakini olduqları rayonların icra hakimiyyətlərinə müraciət etsələr də, heç kimdən kömək ala bilmirlər. Heç kim onları bu dəhşətdən qurtarmaq istəmir. Və artıq buranın sakinləri heç kimə müraciət belə etmirlər. Çünki müraciətlərinə baxacaq dövlət qurumunun olmasına qəti və birmənalı şəkildə inanmırlar. Elə buna görə də bizi də, burada xoş üzlə qarşılamırlar. Deyirlər ki, buradan çıxıb gedəndən sonra buranı unudacaqsınız. Ola bilsin ki, bir yazı yazacaqsınız, qız-gəlinimizin şəkillərini internetə qoyacaqsınız. Bundan başqa heç bir şey olmayacaq. Əslində bu «mağara» sahiblərinin haqqlı olduğunu düşünürük. Amma buna baxmayaraq gördüklərimizə inana bilmirik. Və bu şəraitdə inanların 18-20 il yaşamaları bizə fantastika gəlir.
Bir qədər də irəliləyirik və qarşımıza çıxan şəxsdən niyə bu şəraitdə yaşamağa dözdüyünü soruşuruq. Həmsöhbətimiz çəkiliş aparmamağımızı istəyir və biz razılaşırıq. Bundan sonra kişinin cavabı konkret olur. “Mən Kəlbəcərdənəm və açıq deyirəm, Əli Həsənov «qaçqınkomu» qohumlarına bağışlayıb” deyir. “Elman İsmayılov var, Əli Həsənovun qohumu, bax o, Elman nə qədər ki, «qaçqınkomda» ev paylayır, biz burdan çıxa bilməyəcəyik, deyir. Elman dövlətin tikdirdiyi evləri qaçqın oldu, olmadı kimə gəldi satır. Əsas odur ki, pulun olsun. Biz burda ona görə çürüyürük ki, Elmana, Əli Həsənova verməyə pulumuz yoxdur. Ona görə də bizim evlərimizi Elman kimə gəldi satır. Gedib yoxlaya da bilərsiniz. Qaçqın qəsəbələrində mənzil alanların yarısı qaçqın deyil”.
Bu arada yaxınlıqdakı bir qadın söhbətə qarışır: “Bu yaxınlarda eşitmişik ki, Elmira Şükürova ev satır. Bu qadın Elman İsmayılovdan biri 5 minə 30 mənzil alıb, indi isə 10 minə satır”. Öyrənirik ki, söhbət əvvəllər Ağdam Təhsil Şöbəsinin müdiri, hazırda isə Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovadan gedir.
Niyə Əli Həsənova şikayət etmədiklərini soruşuruq. Gülürlər. Həmsöhbətimiz deyir ki, hər həftənin birinci günü «qaçqınkomda» qəbul günüdür. Gedin baxın orda nələr yaşanır. Əli Həsənov bütün rayon polis idarələrinin ya rəislərini, ya da rəis müavinlərini qapının ağzına yığır. Şikayətə gələnləri onların vasitəsilə qovur. Əli Həsənovun yekə-yekə bəyanatlar verməyinə baxmayın. O bizim soyumuzu qurutmaq üçün ordadır.
 
Deputat Elman Məmmədov bu «mağarada»  olub və az qala havasızlıqdan «boğulub»
Başqa bir «mənzilə» giririk. Eynən digər «mənzillər» kimi 7-8 kvadrat metrdir. Otaqda kiçik «fortoçka» diqqətimizi cəlb edir. Girdiyimiz evlərin içində ilk evdir ki, kiçik də olsa «pəncərəsi» var. «Pəncərənin» altında bir çarpayı, qapının ağzında isə soyuducu var. Çarpayının ayaq tərəfində kiçik və köhnə bir televizor divardan asılıb. Çarpayının böyründə isə kiçik və əldədüzəlmə bir stol var. Vəssalam…  «Mənzilin» sahibəsi deyir ki, burada 3 oğlu və əri ilə yaşayır. Böyük oğlunun 14 yaşı var. İnana bilmirik. Qadın Xocalıdan olduğunu bildirir. Xocalının icra başçısının, ya da deputatının onlarla maraqlanıb, maraqlanmadığını soruşuruq. Və qadın maraqlı bir hadisə danışır.
2010-cu ildə parlament seçkiləri dönəmində deputat Elman Məmmədov «seçiciləri» ilə görüşmək üçün bu «mağaraya» ayaq basıb. Girişdən koridorla 20-30 metr irəlilədikdən sonra qəfildən geri dönüb və bir daha bura ayaq basmayıb. Qadın bildirir ki, Elman Məmmədov bir qədər irəlilədikdən sonra havasızlıqdan şikayətlənib və seçicilərini dinləmədən «mağaranı» tərk edib. «Mağaradan» çıxdıqdan sonra, «az qala boğulmuşdum», deyib və maşına minərək çıxıb gedib.
Qəribədir,  2010-cu ildə  mandat alaraq parlamentdə xocalıları təmsil edən Elman Məmmədov bu günə qədər bir dəfə də olsun, bu dəhşətli və inanılmaz şəraitdə yaşayan insanların problemlərini parlamentdə qaldırmayıb. Bir dəfə də olsun, nə Xocalı İcra Hakimiyyətinə, nə də «Qaçqınkom»un sədrinə insanların burdan köçürülməsi üçün müraciət etməyib.
Onu da qeyd edək ki, Elman Məmmədov 1991-2000-ci illərdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Ondan əvvəl  və sonra da, xocalıları Milli Məclisdə təmsil edib. Yəni faktiki olaraq, 20 il müddətində xocalılıların burdan köçürülməsi üçün tam səlahiyyətli və məsuliyyət daşıyan vəzifəli şəxslərdən biri olub. Burada yaşayan xocalılılar bildirirlər ki, onlar qətiyyən Elman Məmmədovun onların halına az da olsa yanacaqlarına inanmırlar. 2010-cu ildə isə yolunu səhv saldığından burada olub və üstünə mikrob düşəcəyindən qorxaraq təcili buranı tərk edib. Çünki Elman Məmmədov «mağarada» deyil, saraylarda, ən lüks şəraitlərdə yaşamağa alışmış adamdır.
Burda heç kimə inanmırlar – Allaha belə güvənləri  qalmayıb
Bəzilərinin danışmasına baxmayaraq hiss edirik ki, burda qorxu hökm sürür. Nədən qorxduqlarını soruşuruq. Qorxmadıqlarını deyirlər. Sadəcə heç kimə inanmırlar və boşu-boşuna danışıb özlərini də yormaq istəmədiklərini deyirlər.
Burada yaşayan uşaqlarla söhbət edirik. Uşaqlardan biri bizə bələdçilik etmək üçün irəli düşür. Tunelin sonuna qədər irəliləyirik. Təqribən 100 metrlik dalan-koridorun hər yerində eyni mənzərə var. Qapının ağzında yemək bişirən bir xanıma yaxınlaşırıq. Evini göstərməsini xahiş edirik. Xanım xahişimizi rədd edir. Amma bir-iki kəlmə danışmaqdan imtina etmir. Deyir ki, ali savadlıdır. Məktəbdə müəllimədir. Bura gəlin gəlib. 18 ildir bu dəhşətli yerdə gəlinliyini sürdürür. Uşaqlarını böyüdür. Nəyə görə bu rəzalətə dözdüyünü soruşuruq. Əlini yelləyir. Biz heç kimə inanmırıq artıq – deyir.  – Allaha belə. Bir qədər də irəli gedirik.
Uşaqlar siçovulları tutaraq oynayırlar
Bizə bələdçilik edən uşaqdan burada necə yaşadığını, necə oynadığını soruşuruq. Deyir ki, buralar siçan-siçovulla doludur. Bəzən siçovul tutmaqla vaxt keçirir, oynayırlar. Məktəbini, oxumasını soruşuruq, əlini yelləyir. Böyüyəndən sonra Rusiyaya gedəcək və orda işləyəcək ,deyir. Niyə bizə siçovulun rast gəlmədiyini soruşuruq. Axşam vaxtlarında burada adam çox olduğundan, siçovullar səs-küydən gizlənirlər. Amma gecələr və günortalar adam az olanda hər yerdə siçan-siçovul qaçışır, deyir. Və əlavə edir: “Burda kiçik bir yanğın olsa, hamımız tüstüdən boğulub ölərik”.
400-dən artıq insan burada hər an ölümlə üz-üzə yaşayır
Doğurdan da gördüklərimizdən o qədər şaşırmışıq ki, burada yaşayan insanların təhlükəsizliyini heç düşünməmişdik. Hər tərəfdən elektrik məftillərinin sallandığı, heç bir texniki təhlükəsizliyin riayət olunmadığı və əldədüzəltmə elektrik sobalarından kütləvi şəkildə istifadə olunan bu «mağarada» yanğının çıxması hər zaman mümkündür. Sadəcə burada bu günə qədər heç bir yanğının çıxmamasını şans əsəri kimi dəyərləndirmək mümkündür. Başqa heç cür. Çünki daş dönəmində yaşayan insanların təhlükəsizlikləri bu qədər Allahdan asılı olmayıb yəqin.
Bu arada bu koridorun sonunda ikinci giriş-çıxışın olub, olmamsı ilə maralanırıq. Bələdçimiz, yoxdur, deyir. Və bizdən  bir neçə metrlikdə olan beton divarı göstərir. Burdan ancaq bir çıxış yolu var, deyir, o da girdiyiniz girişdir.
Bu yaxınlarda Bakıda, Binəqədi rayonunda baş vermiş və 16 insanın həyatına son verən dəhşətli yanğını xatırlayırıq. O dəhşətli yanğın məhz məmurların günahı üzündən baş vermişdi və kimlərinsə daha çox qazanmaq həvəsinin nəticəsində 16 insan, o cümlədən uşaqlar can vermişdilər. Burada isə vəziyyət daha dəhşətlidir. Allah eləməsin, burda baş verəcək yanğında nə qədər insanın can verəcəyini düşünmək belə qorxunc gəlir bizə.
Bir qədər kənarda dayanıb bizi seyr edən qadına yaxınlaşıb «Azərişıq»dan, «Bakıelektrikşəbəkə»dən  bura gəlib gəlmədiklərini soruşuruq. Məlum olur ki, burdakı elektrik xəttlərinin hamısı qanunsuzdur. Və heç kim bura ayaq basıb onlardan elektrik pulu istəmir. Hərdən bir gələnlər olsa da, sakinlər onları qovur.
Qeyd edək ki, FHN-nin təcili olaraq bu bina ilə maraqlanması və zirzəmidə yaşayan bu insanların təhlükəsizliyini kontrol etmələri gərəkir. Çünki hər an burda faciə baş verə bilər. Onu da qeyd edək ki, Allah göstərməsin, burda yanğın olsa, FHN-nin müdaxiləsi demək olar ki, mümkünsüzdür. Çünki bu zirzəmiyə yanğınsöndürən maşınları cəlb eləmək imkansızdır. Ancaq bir girişi olan və 100 metrdən artıq uzun və dar koridorda yanğınsöndürənlərin işləməsi texniki cəhətdən imkansızdır. Və bütün koridor tez alışan plastik qablarla doludur.
Bundan başqa, 400-dən artıq insanın yaşadığı bu zirzəmi-mağarada sanitar qaydaları qətiyyən gözlənilmir və buranı sözün həqiqi mənasında sosial-sanitar fəlakət zonası adlandırmaq olar. Burada bəzi «mənzillər» var ki, ordan ancaq zibillik kimi istifadə olunur. Həmin «mənzillərdən» birinə daxil oluruq. Hər yerdə gördüyümüz adi zibillik… Üfunət qoxusundan üzümüzü turşuduruq. Hər tərəfə plastik qablar dağılıb. İlk siçovulu da burda görürük…
Buranın havası barədə xüsusi ilə danışmalıyıq. Hava həddindən artıq boğucudur. Hər tərəf rütubətdir və biz burada keçirdimiyiz təqribən bir saat ərzində özümüzü doğurdan çox pis hiss edirdik.
Bu zirzəmi-mağaradan çıxdığımız zaman isə təmiz havanın nə olduğunu sözün həqiqi mənasında hiss etdik. Və bu əməkdaşımız Gülşən Şərifin sifətində doğurdan o qədər aydın hiss olunurdu ki, biz az qala bu zirzəmi-mağaraya girib 20 metr irəliləyib, geriyə, günəşli və təmiz hava olan dünyaya qaçan deputat Elman Məmmədova haqq verdik… Amma Elman Məmmədova burada yaşayan 400-dən artıq insan haqq verə bilərmi? Və Tanrı… bu insanları burada diri-diri basdıran Əli Həsənova, onlarla məmura, icra başçısına, deputata Tanrı haqq verə bilərmi?
«Alı Alıyev, Bahar Muradova  gəlsinlər burda yaşasınlar, heç olmasa bir gün»
Zirzəmi-mağaranın sonuna çatıb geri dönərkən bir nəfərlə üz-üzə gəldik. Əlində bir «çubuş» vardı. Onu saxlayıb özümüzü təqdim etdik. Bələdçimiz ona «evinə» baxmaq istədiyimizi dedi. Azca düşündükdən sonra razılaşdı, bizi «evinə» dəvət etdi. Zirzəmi-mağaranın lap sonundakı qapıya yaxınlaşıb açdı. Bizi içəri dəvət etdi. Gördüyümüz digər «evdən» heç nə ilə fərqlənmir. Tək fərqi «otaqda» divan və kreslonun olmasıdır. Bir qədər digər «mənzildən» böyükdür. Evin sahibinin adı Rəşiddir. Deyir ki, fəhləliklə gün keçirir. Mağazalarda yük boşaldır. Günə 2-3 manat pul qazanır. 5 manat qazananda sevinirəm, deyir. Füzuli rayonundandır və burada yetişdirdiyi uşaqlarından biri əsgərlikdədir, birini isə gəlin köçürüb və qızı da burada yaşayır. Nəvəsinin havasızlıqdan çox əziyyət çəkdiyini, deyir Rəşid.
Rəşidin «mənzilində» bir dəfə yanğın belə çıxıb və yanğını Allahdan söndürə biliblər. Və qeyd edir ki, koridorun sonuna yanğınsöndürənlərin gələnə qədər bütün zirzəmi yana bilər. Və bu gecə, insanlar yatandan sonra baş versə, fəlakət olar.
Rəşiddən ayrılıb zirzəmi-mağaranın giriş-çıxışına tərəf geri dönürük. Bayaq bizimlə söhbət etməkdən imtina edən qadınlardan biri arxamızca replika atır: «Alı Alıyev, Bahar Muradova, gəlsinlər burda yaşasınlar, heç olmasa bir gün». Bizim bu replikaya cavab verməyimiz yersizdir. Həm nə deyə bilərdik ki. Ona görə də yolumuza davam edirik.
Çıxışdan axşam günəşinin son şüalarını üzümüzdə hiss edərkən rahat nəfəs alırıq. Burada yorğan sırıyan bir neçə qadın bizə iradlarını bildirirlər. Bizi sakit buraxın deyirlər. Niyə gəlmisiniz ki? Sizin ucbatınızdan internet bizim qız-gəlinin şəkilləri ilə dolub, deyirlər. Və tələb edirlər ki, çəkdiyimiz şəkillərdə buranın sakinlərinin, qız-gəlinin, uşaqların şəkillərini verməyək. Çünki artıq biabır olublar. Söz veririk ki, heç kimin şəkilini verməyəcəyik. Amma qadınlar bizə inanmırlar. Qadınları başa salmağa çalışırıq ki, bizim  niyyətimiz onlara kömək göstərməkdir və bu şəraitdə yaşamağı heç bir insan haqq eləmir. Qadının biri deyir ki, biz heç kimdən kömək istəmirik daha. Əl çəkin bizdən. Biz bilirik sizi bura kim çağırıb. Elə o da bizi aldadanlardan biridir. Hamısı yalandan deyir ki, bu gün-sabah həll olunacaq. Nə vaxt həll olunacaqsa olunsun. Bundan sonra heç nə fərq eləməz. Mən burada qocaldım. Bundan sonra lap saray versinlər.
Qadına nə deyəcəyimizi bilmirik və yavaş-yavaş ordan uzaqlaşırıq. Arxamıza belə baxmırıq. Bu inanılmaz dəhşətli beş mərtəbəli köhnə xəstəxana binasını görmək istəmirik. Və yol boyu susuruq. Danışmağa heç birimizin sözü yoxdur.
«Qaçqınkom» nə düşünür?
Növbəti həftənin birinci günündən başlayaraq üç gün müddətində  Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mövqeyini öyrənməyə cəhd elədik. Amma nə yazıq ki, qocaman dövlət strukturunda bizə heç kim normal cavab vermədi. Çox qəribədir ki, bizimlə danışan Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məsullarından heç biri adını, soyadını söyləmək istəmədi. Və nəhayət uzun israrlarımızdan sonra sonuncu danışdığımız məmur bildirdi ki, yeni evlər tikilir və gələcəkdə həmin binada yaşayan qaçqın və köçkünlər ordan köçürüləcəklər. Nə vaxt, deyə soruşduq, qısaca, yeni evlər hazır olanda, dedi. Vəssalam.
Gördüyünüz kimi, 20 ildir 400-ə qədər insanı zirzəmi-mağaraya gömən və onları orda qeyri-insani şərtlər altında yaşamağa məhkum edən, eyni zamanda vəzifəsi qaçqın və köçkünlərin sosial problemlərin həlli olan ən yüksək dövlət qurumunun mövqeyi idi. Bizim bu mövqeyə şərhimiz yoxdur.
Amma istər Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, istər Komitədə çalışan digər məsul vəzifəli şəxslərə, istərsə də Qaçqın və köçkün rayonlarının icra başçılarına,vəzifəli şəxslərinə, o rayonlardan seçilən deputatlara üzümüzü tutub deyəcək bir kəlmə sözümüz var.  Cənablar və xanımlar, sizlər özlərinizin, uşaqlarınızın, yaxın qohumlarınızın heç olmasa bir ay həmin zirzəmi-mağarada yaşamasına razı ola bilərsinizmi?
Bizim cənab Əli Həsənova suallarımız var
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, Əli Həsənovun özünün bildirdiyinə görə, son 20 ildə qaçqın və köçkünlərin sosial problemlərinin həlli üçün 20 milyard dollar sərf edilib. Etiraf etməliyik ki, bu heç də kiçik rəqəm deyil və maraqlıdır, hər il dövlət qaçqın və köçkünlərin sosial problemlərinin həlli üçün ortalama 1 milyard dollar ayırıbsa, o zaman insanların zirzəmilərdə, yataqxanalarda, özlərinin inşa etdikləri toyuq hininə bənzər daxmalarda qeyri-insani şərtlər altında yaşamalarını nə ilə izah edə bilər Əli müəllim? Vəsait çatışmamazlığı ilə, yoxsa vaxt çatışmamazlığı ilə? Hər halda Əli müəllimin özü deyir ki, dövlət hər il qaçqınların sosial problemlərinin həlli üçün bir milyard manat vəsait ayırıb.
Yəni qaçqın və köçkünləri dövlət və ölkə rəhbərliyi zirzəmilərdə yaşamağa məhkum etməyib. Amma Əli Həsənov bunu edib. Ortada olan görüntü budur. Vaxta gəlincə, 20 il bir igidin ömrüdür və bu 20 il müddətində qaçqınlar zirzəmidə yaşayırsa, demək ki, Əli Həsənov 17 illik Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri kimi heç bir iş görməyib. Çünki hələ də Bakının göbəyində zirzəmidə yaşayan insanlar var. Yəni Neft Fondunun pulları ilə 90 qəsəbə inşa edilməsinə baxmayaraq, Əli Həsənov faktiki olaraq üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyib. Əli Həsənov bunu etiraf edirmi?
Bu arada Əli Həsənov və Komitənin digər vəzifəli şəxsləri, həmçinin Əli Həsənovun yaxın qohumları olaraq bilinən komitə sədrinin müavini Gəray Fərhadov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament direktoru Elman İsmayılov, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev, Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyev və digərləri yaşadıqları mənzilləri  jurnalistlərə nümayiş etdirə bilərlərmi?
Eyni zamanda qaçqın və köçkün rayonlarının icra başçıları, vəzifəli şəxsləri, həmin rayonların əhalisini təmsil edən çox hörmətli deputatlar öz qapılarını jurnalistlərin üzünə aça bilərlər?  İnanmırıq. Aça bilməzlər. Bu, iki vur, ikidir və niyəsini bu ölkədə bilməyən belə yoxdur.
Bu yerdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovu xatırlamaq yerinə düşər. Xatırlayırsınızsa, təqribən bir il əvvəl Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərova 4.5 milyon manata satması ilə bağlı xəbər yayılmışdı. Həmin xəbərə qəribə reaksiya vermişdi:  «Hamı villa ala bilər, mən ala bilmərəm», demişdi icra başçısı. Və dalınca da əlavə eləmişdi: «Mən niyə yaxşı şəraitdə yaşamamalıyam? Mənim yaşım var, ömrüm boyu əzab-əziyyət çəkmişəm, zəhmətlə yaşamışam».
Təbii ki, yaxşı yaşamaq cənab Səfərovun haqqıdır. Amma 800 manat maaş alan və əsas vəzifələrindən biri Dağlıq Qarabağ icmasını təmsil etmək olan icra başçısının bu villanı və Bakı şəhərinin mərkəzində bir neçə restoaranı hansı gəlirlə alması böyük sual işarəsi doğurmurmu?
Yəni o, məşhur villa, digər obyektlər, həmçinin digər icra başçılarına,  «Qaçqınkom»un vəzifəli şəxslərinə, deputatlara məxsus olan milyonluq villalar, restoran və əyləncə mərkəzləri korrupsiya hesabına, zirzəmidə yaşayan qaçqınların sosial problemlərinin həlli üçün ayrılan dövlət vəsaitlərinin hesabına əldə olunmayıb ki?
Biz bu sualları Əli Həsənova ünvanladıq. Amma cavabını hər kəsdən gözləyirik. Sıravi vətəndaşdan da, dövlət qurumlarından da.
Azər QARAMANLI
Gülşən ŞƏRİF
Ozal İBRAHİMLİ
pia.az

www.yenicag.az

1018
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv