Bakının mərkəzində NƏQLİYYAT XAOSU: “Çox dəhşətli bir vəziyyət yaranıb”

“Neftçilər prospektində avtobus zolağının çəkilməsi müəyyən çətinliklər yaratdı. Lakin müxtəlif etirazların edilməsi və bir sıra fikirlərin səsləndirilməsindən sonra üzü Azneft dairəsi istiqamətində olan avtobus zolağı ləğv edildi”.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Mütəxəssis paytaxtın Səbail rayonunda yerləşən Neftçilər prospektində son zamanlar xaotik vəziyyət almış tıxaclarla bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, Əziz Əliyev küçəsinin Neftçilər prospektinə kəsişməsinin bağlanılmasından, habelə sözügedən ərazidə birtərəfli avtobus zolağının çəkilməsindən sonra yolda pik saatlarda genişmiqyaslı tıxaclar əmələ gəlir.

E. Muradlı söyləyib ki, Azərbaycan Milli Xalça Muzeyinin yanından başlayıb Azneft dairəsinə qədər davam edən avtobus zolağı sonralar ləğv edildi:

“Lakin əks – şəhər istiqamətində bu problem qalmaqdadır. Yəni Azneft dairəsindən 8 Noyabr prospektinə qədər avtobus zolağı birləşir. Bu zolağın salınmasından sonra isə tıxacın forması daha da dəhşətli hal alıb. Həm Bayıl istiqamətindən Azneft dairəsinə, həm də Prezident administrasiyası – Niyazi küçəsi istiqamətindən Neftçilər prospektinə girişdə avtomobillərin sıxlığı müşahidə olunur”.

Eskpertin fikrincə, orada əsas xaotik nöqtə Hökumət Evi, daha dəqiq desək, “Port Baku”nun qarşısıdır:

“Ərazidə hərəkət tənzimlənəndən sonra Neftçilər prospektində hərəkət axını normal şəkildə davam edirdi və əslində, burada avtobus zolağına ehtiyac yox idi. Çünki mən Bayıl istiqamətindən həmin ərazini müşahidə edəndə gördüm ki, avtobus zolağı yaradılmayana qədər tıxacın uzunluğu pik saatlarda Dövlət Bayrağı Meydanına qədər çatırdı. İndi isə vəziyyət o yerdədir ki, tıxaclar artıq Su İdmanı Sarayına qədər uzanır”.

Həmsöhbətimiz iddia edib ki, hazırda sözügedən yolda çox dəhşətli bir vəziyyət yaranıb:

“Doğrudur, bununla bağlı dövlət proqramı qəbul olunub, müəyyən addımların atılması və işlərin görülməsi planlaşdırılır. Bəlkə də o zaman bu məsələ ilə bağlı çıxış yolu ola bilər. Amma faktiki olaraq cənub istiqamətindən şəhərə yeganə giriş yolu Neftçilər prospektidir. Burada da belə problemlər yaranıb artıq. Mənə elə gəlir ki, avtobus zolağı da orada heç bir üstünlük təşkil etmir. Əksinə, nəqliyyatı ərazidə sıxışdırır. Avtobus zolağını o halda yaratmaq olardı ki, bulvardakı Saat qülləsinin yanından düz 8 Noyabr prospektinə qədər bu yol fəaliyyət göstərsin. Amma Azneft dairəsindən Saat qülləsinə qədər olan avtobus zolağı çox ciddi çətinlik yaradırdı. Hətta Kukla Teatrının yanına qədər olan hissəni götürsələr, hərəkət intensivliyi artar. Nə qədər ki, həmin o yolun alternativi olsa, şəhərə giriş-çıxış imkanları şaxələnsə, kənar dairəvi yollar artsa, o zaman bunu bərpa etmək olar. Amma bu gün insanların burada istifadə etdiyi yol Neftçilər prospektidir. Amma avtobus zolaqları çəkiləndən sonra orada aləm bir-birinə dəyib. Bu baxımdan, məsələnin hansısa bir formada tənzimlənməsinə ehtiyac var”.

Rafi Müslümov