Milli Məclisinin növbəti plenar iclasında Bakının həddən artıq yüklənməsinin kəskin fəsadlar törədəcəyi bildirilib.
Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri Bakı və Sumqayıt şəhərlərinin yükünün azaldılması ilə bağlı təkliflə çıxış ediblər.
Deputat Qüdrət Həsənquiyev çıxışında xarici ölkələrin təcrübəsindən nümunə gətirərək bildirib ki, Yaponiya höküməti vətəndaşların paytaxtdan regionlara köçmələrini stimullaşdırmaq üçün vətəndaşlara 26 min dollar ödəyir:
“Azərbaycan dövləti Bakı, Sumqayıt, Abşerondan kənar bölgələrdəki sahibkarları 3 il vergidən azad etməli, 5 il isə güzəştli vergi tətbiq etməlidir ki, paytaxt yüngülləşsin”.
Millət vəkili Fazil Mustafa isə regionların inkişafı məsələsinə toxunaraq qeyd edib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gün ərzində aviareyslərin sayının artırılmasına çağırıb:
“Gəncəyə həftədə 3 dəfə reys var. Biz regionların inkişafını istəyirik, Bakının indiki yükünün azalmasını istəyiriksə, ciddi şəkildə işlər görməliyik.
Gəncədə Bakıdakı universitetlərə uyğun təhsil ocaqları yaradılmalıdır, yeni reyslər açılmalıdır ki, əhali regionalarda qalsınr”