Bakıya aylıq normadan çox yağıntı düşdü

Yağıntıların qeyri-bərabər paylanması, uzun çəkən az yağıntılı dövrdən sonra yağıntının bir gündə aylıq normanı üstələməsi halları son illərin səciyyəvi tendensiyasına çevrilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev Yenicag.az-a bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşdı, toplam 36 mm-lik miqdarla aylıq norma 152 faizə çatıb. Bu da son 21 il ərzində ən yüksək göstəricidir:

“Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi”.

Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.