London “Arsenal”ının erməni futbolçusu Henrix Mxitaryanın Qarabağdakı erməni terror birləşmələrinə gecəgörmə cihazları hədiyyə etdiyi bildirilir.
Yenicag.ru-nun məlumatına görə, erməni futbolçunun Qarabağdakı terrorçulara bu hədiyyəsi barəsində “Kavkaz uzel” saytının imzasını anonim saxlayan erməni bloqeri yazıb.
Bloqerin yazdığına görə, Mxitaryan terrorçulara həmin “hədiyyə”ni hələ Dortmund “Borussiya”sında çıxış edərkən göndərib:
“Final Bakıda olacaq. Bu, Mxitaryanın ora gəlişinə sevinəcək şəhər deyil. UEFA bəyan edib ki, Mxitaryanın Bakıda problemi olmayacaq. Ancaq Bakı bundan məmnun deyil. İstərdim ki, Mxitaryan Bakıda 3 qol vursun.
Mxitaryana tək futbolçu kimi deyil, həm də insan olaraq hörmət edirəm. 2016-cı ilin aprelində biz döyüşdə olanda, xəbər gəldi ki, Mxitaryan Almaniyadan hər bir posta gecəgörmə cihazı hədiyyə göndərib.
Gecəgörmə cihazları əsgərin “gecə gözü”dür, onun vasitəsilə qaranlıqda yaxınlaşan düşməni müəyyən etmək mümkündür. O cihazın birinin qiyməti cəmi 5 min dollar olsa da, faydası çox böyükdür. Mxitaryanın həmin hədiyyəsi bizə çox lazım idi və vaxtında göndərilmişdi”. Sitatın sonu.
Öz növbəmizdə bildirmək istərdik ki, sözügedən bloqerin bu qeydi ermənilərə viza verən Azərbaycanın müvafiq dövlət qurumlarını ciddi şəkildə maraqlandırmalıdır. Çünki göründüyü kimi, Mxitaryan tək futbolçu yox, həm də işğalçı ordunun sponsorlarından biridir.
Bu halda, Azərbaycan ərazilərini işğal etmiş terror birləşmələrinə maddi-texniki yardım göstərməklə soydaşlarımızın qətlinə görə məsuliyyət daşıyan Mxitaryanın Bakıya gəlişinə icazə verilməsi yumşaq desək, təəccüb doğurur.
Belə “qonaqpərvərlik” olmur!