Məlum olduğu kimi cari mövsümdən etibarən “Formula-1” yarışlarında qızların startda avtotrekə çıxması ləğv edilib.
Yenicag.az xəbər verir ki, Formula-1 Kommersiya Əməliyyatları üzrə icraçı direktoru Şon Bretçis bunun səbəbini “Keçən ildən etibarən düşünürük ki, Formula -1-də nəyi təkmilləşdirmək lazımdır. Bu mövzu da gündəmdə idi. Düzülüşdəki qızlar idmanın ənənələrindəndir, amma Liberty Media olaraq bizim də dəyərlərimiz var və bunlara görə qərar verməliyik. Bu, ictimaiyyət üçün də yaxşı deyil. Bu qərara görə peşman deyilik və arxasında duracağıq”, deməklə izah edib.
Lakin bu qərar birmənalı qarşılanmayıb. Məsələn, “Mercedes”in rəhbəri Niki Lauda bunu axmaq qərar adlandırıb. O, bildirib ki, “Formula-1” rəhbərliyi bu qərarı tezliklə ləğv etməlidir.
“Start qızları” da qərarı etirazla qarşılayıblar. “Twitter”də yeni qərarı qınayan gözəllər, bu səbəbdən işsiz qaldıqlarını bildiriblər.
Rebekka Kooper də qərara sərt etiraz edənlərdəndir:
“Qərarı qəbul edənlər qadın haqlarından danışırlar. Amma bu qərar həm də qadınların hüquqlarının pozulması deməkdir. Buna görə biz sevdiyimiz və qürurla gördüyümüz işdən məhrum olmuşuq. Bu, sadəcə, axmaqlıqdır”.
Lauren-Jade Pope də feministlərə görə, işsiz qaldıqlarını bildirib: “8 ildir ki, bu işlə məşğulam. Heç vaxt özümü narahat hiss etməmişəm. İşimi sevirəm. Bu işə bizi heç kim məcbur edə bilməz. Bu, bizim seçimimizdir.
Lusi Stokes: “İşimi sevirəm, hörmət görürəm və bunun qarşılığında da yaxşı maaş alıram. Feministlərin sənətimizi mühakimə etməyə haqqı yoxdur. Düzü, onlara görə bu qədər qadın işsiz qalır. Bəs gender bərabərliyi hanı?”
“Formula-1”-ə 40 il rəhbərlik etmiş sabiq prezident Bernie Ekklestone də qızları dəstəkləyib. 87 yaşlı Ekklestone qızları şounun bir parçası adlandırıb:
“”Start qızları”na icazə verilməlidir. Pilotlar, tamaşaçılar onları çox sevirlər. Qızların hamısı da gözəl geyinirlər. Onlar bu şounun bir parçasıdır”.
Qeyd edək ki, Formula-1 yarışları martın 25-də Melburn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda keçiriləcək.