Azər HƏSRƏT, [email protected]
Bəlli olub ki, məlum və məşhur Leyla Yunus “diktator” kəşf edib. Özü də bundan o qədər ehtizaza gəlib ki, onu bütün dünyaya tanıtmağın zərurətini ta okeanın o tayındakı “ağıllılara” qədər hər kəsə izah edə bilib. Nəticə də özünü çox gözlətməyib. Mediadan oxuduğum xəbərlərə görə, Leyla Yunus bu ad (“diktatoru tanıdaq”) altında kampaniya aparır, üstəlik də 94 min avro (!) qrant alıb ki, “siyasi məhbuslar”a yardım etsin. İndi o pulu xımır-xımır yeyib “diktator”u bütün dünyaya “tanıdacaq”, “siyasi məhbuslar”ı da xoşbəxt edəcəkmiş.
Əlavə olaraq o da bəlli olub ki, bu “ekstraordinar” demokratiya və insan haqları “mücahidi” özünün həbsxana gündəliklərini kitablaşdırmaq üçün dübarədən 60 min avro qrant da alıb.
Bilgi mənbəyimiz 94 minin ABŞ-ın NED (National Endowment for Democracy) təşkilatından alındığını müəyyənləşdirib. 60 mini isə bu qurumun Avropa prototipi olan EED (European Endowment for Democracy) təmin edib. Yəni qısa müddət ərzində 154 min avroluq qrant bu Leylaya peşkəş olunub ki, həm “siyasi məhbuslar”a yardım etsin, həm də həbsxanada hər gün məruz qaldığı “ağır işkəncə”ləri kitablaşdırsın. Əlavə olaraq “diktator”u da “tanıtsın”. Azərbaycan manatına çevirəndə 310 min edir bu məbləğ. Bir az da keçsə əlavə qrantlar da gələcək. Hər nə qədər olmasa da axı bu “millət fədaisi”, “cəfakeş mücahid” Azərbaycanın hər gün “zülm çəkən” mənim kimi insanlarının hüquqlarını “qoruyur” və gərəkdir ki, demokratiya gözətçiləri onun bu fəaliyyətini ənamsız qoymaya.
Hərçənd Leyla Yunusun bu qrantı səs-küysüz həzm edə biləcəyi mümkün görünmür. Məsələ ondadır ki, xəbər çıxan kimi “pis adamlar” bəyan edib ki, Leyla daha bir pul yuma əməliyyatını gerçəkləşdirəcək. Yəni belə anlaşılır ki, bu “diktatoru tanıtma” aşiqinin “siyasi məhbuslar”a yardım və bəşəriyyət üçün “fövqəladə əhəmiyyət” kəsb edən həbsxana gündəliklərinin dərcinə ayrılan pullar da illər öncə Azərbaycanda oturub “insan haqları” bazarında xırıd etdiyi pulların yanına gedəcək. Bunun açması da odur ki, pulun bir hissəsi onun ödənilməsini təmin edənlərə nağd şəkildə qayıdacaq, qalan hissəsi ilə də Leyla Yunus “diktatoru” tanıdacaq: özünə hansısa adada daha bir mülk alacaq.
Mənim bu Leyla Yunusla işim yoxdur əslində. Heç bu yazını da yazmazdım. Sadəcə olaraq bir məsələdən rahatsız oluram: hələ də bəzi saf və sadəlövh insanlar bu Yunusun bu avantürasına alət olmaqdadır. Yurdumun az sayda da olsa sadəlövh və gerçəkdən demokratiya istəyən insanı elə bilir ki, Leyla Yunus doğrudan da demokratiya mücahididir. Biz bəzi insanlara bir gerçəyi izah etməkdən yorulduq: bu qadının dərdi sizin siyasi haqlarınız, insan ləyaqətiniz deyil. Onun dərdi kimlərisə siyasi məhbus kimi qələmə verib yaxşıca pul qazanmaqdır. Ona görə də bu şəxsə alət olmamaq lazımdır.
Demokratiya isə Azərbaycanda Leyla Yunussuz da var və getdikcə daha da oturuşur. Üstəlik, demokratiya uğrunda gerçək mübarizə aparanlar Azərbaycandan kənarda deyil, ölkə içində rahat şəkildə fəaliyyətdədirlər. Özü də hansısa NED-dən filandan pul almadan. Hətta Azərbaycan dövlətinin özü ölkədə demokratiya və insan haqları mədəniyyətinin yüksəldilməsi üçün hər il milyonlarla manat pul xərcləyir. Özü də bu pullar o məqsədlər üçün vətəndaş cəmiyyəti qurumlarına ayrılır. İndi belə bir durum varkən hansısa şübhəli təşkilatların Leyla Yunus kimi avantüristlərə bu qədər böyük məbləğlərdə pul ayırması şübhəli deyilmi?
Şübhəli olan tək bu deyil. Həm də odur ki, Leylanın bu pulları haqqında xəbərin ardından bəlli olub ki, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarındakı qondarma qurumun özü kimi qondarma rəhbəri Bako Sahakyan ABŞ-da səfərdədir. Konqresdə görüşlər keçirir, əlavə toplantıların qonağı olur. O ABŞ-daykən Leyla Yunusun sığındığı Avropanın əsas ölkəsi Almaniyada “azərbaycanlılar” Azərbaycana qarşı aksiya keçirir. Sahakyanın toplantı keçirəcəyini elan etdiyi vaxtdan yarım saat sonrasa Vaşinqtondakı səfirliyimiz önündə yenə “azərbaycanlılar” etiraz aksiyası keçirir.
Bütün bunlar təsadüf sayıla bilərmi? Yaxud da fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümündə niyə bu “azərbaycanlılar” Ermənistan səfirlikləri qarşısında aksiya keçirmədilər? Yaxud da elə lap Leyla Yunusun özü niyə quruca bir bəyanatla Xocalı soyqırımını yad etmədi? Ondan öncə də 20 Yanvar faciəsinin 28-ci ildönümünü qeyd etdik. Həmin günlərdə də bu Leyla Yunus və onunla əlbir olub “diktatoru tanıtmaq” istəyən “azərbaycanlılar”ın nəsə səsini eşitmədik.
Bütün bunları ümumiləşdirərək bir daha vurğulamaq istərdik ki, bu Leyla Yunus və onun kimilərin məqsədi zatən bəllidir. Bölücü ermənilərin dəstəbaşısı Bako Sahakyan nə istəyirsə, Leyla Yunus da onu istəyir. İndi bu və bənzər şəxslərin Azərbaycan üçün çalışdığına inanmalıyıqmı? Yaxud da Bako Sahakyanla Leyla Yunus və çetesinin belə sinxron davranması heçmi sual doğurmamalıdır?
Sahakyan və Yunus duetinin dərdi biz deyilik və ola da bilmərik. Bunu hələ də anlamayan varsa, biz nə edə bilərik?