Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar intellektual nəqliyyat sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əlaqəsi yaradılıb və onların normal qaydada işləməsinə daim nəzarət olunur.
bu barədə məlumat NİİM-in 2014-cü ildə gördüyü işlərə dair hesabatında əksini tapıb. Hesabatda bildirilir ki, Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyənləşdirilib. Hazırda bu marşrutlar üzrə “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsi ilə birgə test işləri həyata keçirilir. Hər bir obyekt üzrə marşrutun oyunlar zamanı necə fəaliyyət göstərməsi üçün analizlər aparılır və müvafiq tədbirlər görülür. Eyni zamanda, birinci Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış plana əsasən yollarda xüsusi Avropa Oyunları zolaqları ayrılacaq ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər. Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcək. Əlavə olaraq, Avropa Oyunları ilə əlaqədar idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmaq üçün işçi heyəti, idmançılar, qonaqlar üçün ekspress marşrutlar – yəni ictimai nəqliyyat vasitələri də təşkil olunacaq.
Hesabatda, həmçinin qeyd olunur ki, paytaxtın sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə NİİM tərəfindən bir sıra təkliflər də işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Bununla yanaşı, Bakı şəhərinin akademik H.Əliyev küçəsi ilə Azadlıq prospektinin, R.Behbudov küçəsi ilə A.Bakıxanov küçələrinin, A.Bakıxanov küçəsi ilə C.Hacıbəyli küçələrinin, Azadlıq prospekti ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində təklif olunan dəyişikliklərin və Z.Bünyadov prospektinin körpü və tunel hissələrinin sxemləri də işlənib. (qafqazinfo.az)