“Baku Bus” avtobusu yük maşınına çırpıldı – Ölən və yaralananlar var – YENİLƏNDİ

Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə TƏBİB-dən Yenicag.az-a bildirilib.

Bildirilib ki, 2025-ci il yanvarın 4-də saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Dərhal hadisə yerinə briqada cəlb olunub.

Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.

Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.

***
Bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

Məlumata əsasən, “Baku Bus” avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qəza edən avtobus Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusdur.

Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.