“Baku-Bus”da nə baş verir? – Kərimovlar bu şirkətdə hegemonluq edirlər

1450171092_images-2“Əmək müqaviləsi bağlanılmadan, bizə 420 manat maaş nəzərdə tutulsa da, mühafizə üçün nəzərdə tutulan 350 manat məbləğində əmək haqqı alırıq…”

“Vüsal Kərimlidən soruşmaq lazımdır ki, dövlət müəssisəsində direktor müavini olan bir adamın əmək haqqına aşağıdakı maşınları almaq olarmı? Deməli, “Porşe” markalı, “Audi A-8” markalı bahalı maşınlar hansı pullarla alınıb? Həm xidməti maşını olan “Hondo” markalı, həm də yuxarıda göstərdiyimiz maşınların hamısının dövlət nömrə nişanı 111-dir. Bu nömrələrin də qiyməti yəqin ki, hamıya məlumdur”.

Bakı Şəhər İcra Hakimiyyəti nəzdində müasir və yeni avtobuslarla təmin olunmuş “Baku-Bus” avtobus parkının yaradılması paytaxt sakinlərinin sosial həyatına daxil olan mühüm amillərdəndir. Lakin ötən günlərdə “Təzadlar” qəzeti redaksiyasında olmuş şikayətçilərin təqdim etdiyi sənəd və sübutları, faktları araşdıranda özümüz də çaş-baş qaldıq. Prezidentin diqqət mərkəzində olan bir müəssisədə baş verənlər nədən qaynaqlanır?

Ötən sayımızda şikayətçilərdən ikisinin ərizəsini araşdırıb qarşı tərəfin mövqeyi ilə təqdim etmişdik… Növbəti saylarımızda şikayətçilər Eldar Ələsgərovun, Bəxtiyar Abdullayevin, Rauf Əliyevin, Vüqar Məmmədlinin, Natiq Talıbovun, Elmar Orucovun, Ziyad Kərimovun, Ceyhun Cəfərovun, Nurlan Qələndərovun, Orxan Tağılının və digərlərinin şikayətlərinin də araşdırılaraq təqdim olunacağına söz vermişdik.

Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küç, ev 9, mənzil 11-də yaşayan Bəşirov Namiq Nazim oğlu tərəfindən

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, Baş prokuror cənab Z.Qaralova, Milli təhlükəsizlik nazirinin I müavini cənab M.Quliyevə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab K.Əliyevə ünvanlı müraciətini təqdim edirik:

Hörmətli cənab prezident!

Sizin sərəncamınızla yaradılmış yeni şirkət olan “Baku-Bus” MMC-də qanunsuzluqlar baş alıb gedir. Şirkət Kərimovlar ailəsinin şəxsi obyektinə çevrilib. Çünki şirkətin direktor müavini Vüsal Kərimli Lənkaran-Masallı zonasında qohum-əqraba qoymayıb, hamısını gətirib doldurub bu şirkətə. Hərəsinə də bir vəzifə verib. Düzdür, şirkətin direktoru Nəcəf Məlikovdur. Allah xatirinə desək, pis adam deyil. Ancaq şirkətə faktiki rəhbərliyi demək olar Vüsal Kərimli həyata keçirir. O, kimi istəsə işdən çıxara bilər, kimi istəsə işə götürə bilər. Ümumuiyyətlə, Kərimovlar bu şirkətdə hegemonluq edirlər.

Məsələn, V.Kərimlinin əmisi oğlu Amil Kərimov şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur.

-Kərimov Camal Ziyad oğlu V.Kərimlinin yaxın qohumu və əsas adamı sayılır. Onun əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub. V.Kərimlinin sayəsində 01.11.2015-ci il tarixdən Mühafizə və Nəzarət Departamentinin şöbə rəisi kimi yüksək bir vəzifəyə təyin edildi.
-V.Kərimli əmisi qızı olduğu üçün Məhərrəmova Zəminə Naib qızının İnsan Resursları üzrə şöbə müdiri təyin edilməsinə nail olub.
-V.Kərimlinin sinif yoldaşı Fərid Əsədli şirkətdə “İTT” adlanan şöbənin müdiridir.
-V.Kərimlinin əmisi oğlu Amil Kərimovun qaynı Röyal Hüseynov mühafizə xidmətində işləyir.
-Vüsal Kərimlinin qohumu və ən yaxın adamı olan Anar Abdullayev heç bir bacarığı olmadan dispetçer şöbəsində oturub əmək haqqı alır.
– Bacısı qızı Amaliya xanım V.Kərimlinin katibəsi işləyir.
– Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova V.Kərimlinin yerlisi və qohumudur.

Cənab Prezident!

V.Kərimlinin şirkətdə belə qohumları çoxdur, lakin hamısını hələ dəqiqləşdirə bilməmişik. Mənim öyrənib, bildiyimə görə “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 7-ci maddəsinə görə rəhbər şəxsin tabeliyində qohumları rəhbər vəzifələrdə işləyə bilməz. Ancaq görünür bu qanun “Baku-Bus” MMC-nin direktor müavini Vüsal Kərimli üçün keçərli deyil. Ona görə də müxtəlif vəzifələrə qohumlarını təyin etdirib, bizim kimi mütəxxəsisləri və digər peşə işçilərini kənarlaşdırıb.

Hörmətli cənab prezident!

İstəyirəm Sizin nəzərinizə şəhər əhalisinin nəqliyyatdan rahat və keyfiyyətli istifadəsi üçün sərəncamınızla yaranan bu yeni şirkətdə hansı qanunsuzluqların baş verdiyini çatdırım. Mən 5 aydır bu şirkətdə mühafizə xidmətində işləyirdim. Ancaq neçə vaxtdır şirkətin yaranmasına baxmayaraq, hələ də mühafizəçilər üçün xidməti təlimat hazırlanmayıb. Ona görə də, mühafizəçi bu şirkətdə həm mühafizə, həm dispetçer, həm mexanik və digər özünə aid olmayan funksiyalar yerinə yetirməyə məcburdur. Avtobuslar axşam parka qayıdarkən gün ərzində onların maşının nə vəziyyətdə olduğunu, əzilib-əzilməməsini, nasazlığın olub-olmamasını, səhərlər isə marşuruta çıxarkən sürücülərin sənədlərinin yoxlanılması xidmətlərini mütəxxəssislər deyil, mühafizəçilər yerinə yetirir. Onu da diqqətə çatdırım ki, bizim işləməyimiz haqqında heç bir əmr, sərəncam olmayıb. Bizə bildiriblər ki, 2 aylıq sınaq müddətinə işə götürülürük.

“Əmək müqaviləsi bağlanılmadan, bizə 420 manat maaş nəzərdə tutulsa da, mühafizə üçün nəzərdə tutulan 350 manat məbləğində əmək haqqı alırıq…”

Nədənsə, 5 ay keçməsinə baxmayaraq, sınaq müddəti başa çatmayıb. Bu gün də işçilər heç bir sərəncamsız, əmrsiz işləyirlər. Yəni onlarla müvəqqəti müqavilə bağlanıb. Bu müqavilələri isə hərbi sirr kimi bizdən qoruyurlar. Heç bir işçiyə müqavilənin bir nüsxəsi verilmir. Biz də işi itirmək qorxusundan onu tələb edə və müqavilənin şərtləri ilə tanış ola bilməmişik.

Hörmətli cənab prezident!

Başqa şöbədən əldə etdiyimiz müqavilədən görürük ki, şirkətdə mühafizə xidməti 8 saat olmaqla, 3 növbəlidir. Ancaq biz 12 saat olmaqla, 2 növbəli rejimlə işləmişik. Göründüyü kimi bizi həm saatla artıq işlədirlər, həm də özümüzə aid olmayan funksiyaları da yerinə yetirməyə məcbur edirlər. Əmək haqqı isə dəyişməz qalır. Əmək haqqı bizə 420 manat nəzərdə tutulub. Buna baxmayaraq, biz yalnız mühafizə üçün nəzərdə tutulan 350 manat məbləğində əmək haqqı alırıq. Qalan pulların hara getdiyini heç kəs bilmir. Oktyarbın 24-də şirkət işçilərinin hər birinə maaşın 150 faizi həcmində (1,5 dəfə) bayram hədiyyəsi pulu verildi. Bizim maaşımız 350 manat olduğuna görə bayram pulu 525 manat edirdi. Ancaq bəzi mühafizəçilərin pulu V.Kərimlinin əmisi oğlu Amil Kərimov tərəfindən kəsilərək, bir “oklad” səviyyəsində qaldı. Mühafizəçilər 525 manatın əvəzinə 325 manat aldılar. Daha doğrusu onlar 3 gün 350 manatı götürmədilər ki, pulun hamısı verilsin. Ancaq A.Kərimov birmənalı olaraq bildirdi ki, alsanız da budur, almasanız da. Sonradan həmin mühafizəçilər verilən pulu almaq məcbriyyətində qaldılar.

Hörmətli cənab prezident!

Bu şirkətdə pul qazanmağın yolunu yaxşı bilirlər. Deməli, hər hansı bir yası düşən və ya xeyir işi olan neçə günlük istəsə, işə çıxmaya bilər. Lakin həmin günlərin pulu onun əmək haqqından çıxılır. Maraqlıdır, deyilmi? Əvvəla, icazə verməsinlər. İkincisi isə, verirlərsə, artıq saatlarda işləmiş işçiyə xəbərdarlıq olunmalıdır ki, həmin günlərin pulu yazılmayacaq. Onda işçi də bilər ki, neçə günlük içazə almalıdır. Ancaq bütün bunlardan işçinin xəbəri olmur, yalnız aylıq əmək haqqı veriləndə məlum olur ki, icazə verilən günlərin pulu onun əmək haqqından çıxılıb. Bu isə heç bir qanunvericilikdə nəzərdə tutulmayan bir əməldir. Onu da nəzərinizə çatdırıram ki, mühafizə xidməti üçün bu günə qədər şirkətdə heç bir şərait yaradılmayıb. İndiyə qədər 2 dəfə mühafizəçilərin xüsusi forma alınması məqsədi ilə ölçüləri götürülüb. Ancaq hələ də mühafizəçilər öz şəxsi paltarlarında xidmət edirlər. Mühafizəçilərin hamısı açıq havada, yağışın-suyun altında xidmət keçirlər. Bəs, görəsən mühafizəçilərə xidməti şəraitin yaradılması üşün şirkətdən pul ayrılmır? Ancaq Vüsal Kərimlinin bahalı maşınlarına baxanda məlum olur ki, pul ayrılır. Lakin onlar şəxsi ciblərə gedir.

Hörmətli cənab Prezident!

Vüsal Kərimlidən soruşmaq lazımdır ki, dövlət müəssisəsində direktor müavini olan bir adamın əmək haqqına aşağıdakı maşınları almaq olarmı? Deməli, “Porşe” markalı, “Audi A-8” markalı bahalı maşınlar hansı pullarla alınıb? Həm xidməti maşını olan “Hondo” markalı, həm də yuxarıda göstərdiyimiz maşınların hamısının dövlət nömrə nişanı 111-dir. Bu nömrələrin də qiyməti yəqin ki, hamıya məlumdur. Əlbəttə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları maraqlansalar, bu pulların mənbəyini taparlar. Əgər xüsusi komissiya yaradılsa, onda məlum olar ki, həm də 5 nəfər biz mühafizəçilər və digər əməkdaşlar tam qanunsuz olaraq işdən çıxarılmışıq. Əlbəttə, bir vətəndaş olaraq biz həmişə cənab prezident Sizin qayğınızı və diqqətinizi hiss edib, görürük. Elə bu şirkətin yaranması da Sizin vətəndaşlara göstərdiyiniz qayğı və diqqətin təzahürüdür. Amma çox təəssüf ki, Vüsal Kərimli kimi məmurlar Sizin xoş niyyətinizin üstünə kölgə salırlar. Biz inanırıq ki, Sizin müdaxilənizdən sonra bu şirkətdə əməlli-başlı qayda yaradılacaq və nəhayət, korrupsiya hallarına yol verənlər, işçilərin hüquqlarını pozanlar ciddi şəkildə cəzalanacaqlar.
***
Qəzet çapa gedərkən “Baku-Bus”MMC-nin avtobus sürücülərinin müraciətləri də daxil oldu. Onlar sonradan redaksiyaya zəng edərək bizimlə telefon söhbətində bildirdilər ki, hər gün 23 reys edirlər, lakin onlara 21 reysin pulu yazılır. “Nəzərə alsaq ki, hər gün xəttə 140-150 avtobus çıxır və onun hərəsindən 2 reysin pulunu kəsəndə görün bu, nə qədər pul deməkdir? Bundan əlavə, hər bir avtobus sürücüsünə 719 manat əmək haqqı yazılır, müxəlif rüsumlar çıxılandan sonra 600 manat pul almalıyıq. Lakin hər bir sürücü müxtəlif məbləğdə, yəni 520, 540, 480 manat və s. pul alır. Xahiş edirik, bunu da araşdırın…”.

P.S. Aldığımız məlumata görə, V.Kərimlinin əmisi oğlu Amil Kərimov artıq işdən çıxarılıb. Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.