“Baku Electronics” Akif Çovdarovun yolu ilə gedir (?)

2Azərbaycanda milli valyutanın məzənnəsinin sürətlə dəyərdən düşməsi məişət texnikasının satışı bazarında fəaliyyət göstərən yerli iri şirkətlərin fəaliyyətində problem yaradıb. Müşahidə olunan qlobal böhran artıq “Baku Electronics” şirkətinə ciddi təsir edib.

Ötən il ərzində baş verən milli valyutanın təxminən 100%-lik devalvasiyası fonunda şirkətdə aparılan ixtisarlar və bəzi filialların bağlanması prosesi 2016-cı ildə də davam edir. Şirkət xərclərin optimallaşdırılması planı çərçivəsində paytaxtdakı iki filialını bu günlərdə bağlayıb. Həmin obyektlərin işçiləri isə ödənilməyən məzuniyyətə göndərilib. Dünəndən etibarən artıq işçilərə rəsmi şəkildə işdən çıxarıldıqları barədə məlumat verilib.

Qeyd edək ki, bağlanan mağazalar “Baku Electronics”in Mərdəkan qəsəbəsi və “Metropark” Ticarət Mərkəzində yerləşən satış mərkəzləridir. Onların bağlanma səbəbi “Baku Electronics”in ticarət dövriyyəsinin xeyli zəifləməsi ilə əlaqələndirilir. Məsələn, böhrandan öncə 1 gündə 10 min manat həcmində satış həyata keçirilirdisə, hazırda bu rəqəm təqribən 3-4 min manata düşüb (dollar ekvivalentində isə azalma 6 dəfədən çox olub).

Hər iki mağazada ümumilikdə 15 işçi olub. İşsiz qalanların sözlərinə görə, işçilərin daha 30%-nin ixtisar ediləcəyi nəzərdə tutulub.

Manatın ikinci devalvasiyasından məişət texnikasını yeni qiymətlərlə satmalı olan şəbəkə, artıq hər hansı endirim kampaniyası keçirməyi nəzərdə tutmur. Bundan əlavə, işçilərə ödənilən mükafat və bonuslar ləğv edilib.

Qeyd edək ki, “Baku Electronics” 1994-cü ildə Bakıda bir mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur. /Report

Qeyd edək ki, yazı yayımlandıqdan sonra 7news.az saytı təhdidə məruz qalıb. Belə ki, istinadla verilməsinə baxmayaraq, bu yazı ilə əlaqədar olaraq, redaksiyaya hədə-qorxu gəlib, nalayiq ifadələrlə təhqir edib. Saytdan verilən açıqlama belədir:

“Məsələ ilə bağlı sonu …94 94 olan nömrədən redaksiyamıza zəng gəldi. Özünü təqdim etməyən gənc ilkin mərhələdə hədə və təhqirlərlə dolu ifadələr işlətməyə başladı. Yazının istinadla verildiyini, KİV haqqında qanuna müvafiq şəkildə riayət olunduğunu “Baku Electronics”in reketinə başa salmağa çalışsaq da adam dediyindən dönmürdü.

Ən maraqlısı odur ki, zəng edən şəxs “prastoy vətəndaş” və mağazanın “fanat”ı olduğunu qeyd edirdi. Mağazanın yaranma tarixindən tutmuş filiallarına qədər bütün tarixçəni əzbər bilən və mağazaya dəxli olmadığını bildirən bu “prastoy vətəndaşın” tam səs yazısını və nömrəsini saytımızda dərc edəcəyik”.

 

COP29