“Reklama bir ətək pul xərcləyən şirkət ən adi istehlakçı hüququnu pozursa və kimsə buna etiraz etmirsə, deməli, bu proses belə də davam edəcək”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Baku Electronics” şirkətini məhkəməyə vermiş Mirsübhan Mirzəliyev deyib.
O qeyd edib ki, sözügedən şirkətin problemlə üzləşən müştərilərinin öz haqqlarını qorumasının yeganə yolu məhkəmədən keçir:
“Hər birimiz istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşmışıq. Bu dəfə eyni hal mənim başıma gəldi. Belə ki, “Baku Electronics”dən aldığım telefonu 1 həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə şirkət min bir bəhanə gətirərək heç bir halda bunu etməyəcəyini bildirdi. Halbuki telefon istifadə olunmamışdı, hətta nömrə belə taxılmamışdı.
Şirkət nümayəndələrinə öz rəsmi saytlarında “14 gün ərzində məhsulun dəyişdirilməsi və geri qaytarılması” ilə bağlı verdikləri zəmanəti, eləcə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsini xatırlatsam da, heç bir xeyri olmadı. Hətta şirkətin müştəri xidmətləri bölməsi ilə də əlaqə saxladım və bildirdim ki, mənim müştəri tarixçəmə baxsınlar. Düşündüm, bu boyda şirkətin, yəqin ki, bir loyallıq proqramı var və sadiq müştərilərinə qarşı daha anlayışla yanaşarlar. Lakin heç bir cəhdimə məhəl qoyulmadı. Təbii ki, ölkənin ən böyük elektronika mağazasının istelakçı hüquqlarını bu şəkildə açıq-aşkar pozması və heç bir şeyə məhəl qoymaması ilə barışa bilməzdim.
Əgər reklama bir ətək pul xərcləyən şirkət ən adi istehlakçı hüququnu pozursa və kimsə buna etiraz etmirsə, deməli, bu proses belə də davam edəcək. Sadəcə ortada sadə vətandaşlar əziyyət çəkəcəklər. Buna görə də “Baku Electronics”i məhkəməyə verdim. Nəhayət, iki aylıq məhkəmə prosesindən qalib ayrıldım və hakim iddiamı təmin etdi.
Ümid edirəm ki, bundan sonra “Baku Electronics” istehlakçı hüquqlarına və müştəri məmnuniyyətinə daha həssas yanaşar və digər vətəndaşlarımız da bir daha belə hallarla qarşılaşmazlar”.
Gülşən Şərif