BAKU.WS-in 18 yaşı tamam oldu

5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başlamasından 18 il ötür!

Bu 18 il ərzində BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib. Xəbər portalımızda dünyanın müxtəlif guşələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, bu və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamaları yer alır.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.

Sözsüz ki, fəaliyyətə başladığı gündən bu günədək ən məsuliyyətli dövrümüz Qarabağın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi günlərinə təsadüf edib. 44 günlük savaş dövründə ordumuzun cəbhədə apardığı qalibiyyət savaşına biz də arxa cəbhədə dəstək vermişik.

BAKU.WS cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqın dəmir yumruq kimi birləşdiyi günlərdə informasiya müharibəsinin ən önəmli ünvanlarından olub. Ali Baş Komandanın dünyanın aparıcı KİV-lərinə müsahibələri, Azərbaycanın haqq işini yüksək ustalıqla dünya ictimaiyyətinə çatdırması Vətən müharibəsi günlərinin ən yaddaqalan epizodlarından olub.

Bu gün BAKU.WS-in sosial şəbəkələrdə izləyicilərinin sayı 4 milyonu ötüb. Milyonlarla oxucumuz ən qaynar xəbərləri birbaşa saytımızdan izləməklə yanaşı sosial şəbəkələrdəki hesablarındakı paylaşımlarımızdan da əldə edə bilirlər.

“Yeni Çağ” Media Qrupu olaraq BAKU.WS ailəsini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!