“Suriyadakı böhran daha da dərinləşə bilər. Bunun əsas səbəbi burada regional və böyük dövlətlərin maraqlarının toqquşmasıdır. Bu maraqların toqquşması 2011-ci ildən başlayaraq Suriyada davam edən vətəndaş müharibəsini daha da alovlandırıb və nəticədə Suriya faktiki olaraq bir neçə hissəyə bölünüb”.
Bu sözləri Yenicag.az-la söhbətində siyasi təhlilçi Sultan Zahidov deyib.
Analitik son günlər Suriyada davam edən döyüşlərin pərdəarxası məqamına toxunub.
Onun sözlərinə görə, hazırda Suriyanın müəyyən əraziləri Türkiyənin nəzarətindədir:
“Çünki Türkiyə sərhəd bölgələrində təhlükəsizlik məqsədilə bufer zona yaradıb. Şimal-şərqdə isə Amerika Birləşmiş Ştatlarının hərbi bazaları mövcuddur və orada təxminən 900 ABŞ hərbçisi fəaliyyət göstərir. Eyni zamanda, Latakiyada Rusiya hərbi bazası yerləşir. Bundan əlavə, Dəməşq, İdlib və Həma kimi ərazilərin bir hissəsi hazırda “Həyat Təhrir əş-Şam” və Suriya Milli Ordusunun nəzarətindədir. Bu faktorlar göstərir ki, Suriyadakı böhran yaxın zamanda bitməyəcək, çünki dövlətlərin maraqları burada ciddi şəkildə toqquşur”.
S. Zahidovun fikrincə, Türkiyə, ilk növbədə, Suriyanın şimalında təhlükəsiz zona yaradılmasını dəstəkləyir:
“Bu, Türkiyədəki üç milyondan artıq qaçqını geri qaytarmaq və terror təşkilatı YPG-nin zərərsizləşdirilməsi məqsədilə həyata keçirilir. Digər tərəfdən, İsrail Əsəd hakimiyyətinin zəifləməsini və onun devrilməsini istəyir, çünki Əsəd İsrailin gözündə İran və “Hizbullah”la müttəfiqdir. ABŞ, İsrail və Türkiyənin maraqları bu məsələdə qismən üst-üstə düşür. Əks tərəfdə isə Bəşər Əsədi dəstəkləyən Rusiya və İran dayanır. Əsəd rejimi də hazırda Rusiya və İranın dəstəyi ilə hakimiyyətdə qalmaqdadır. Lakin indiki Rusiya 2015-ci ildəki kimi güclü deyil. Ukrayna müharibəsi Rusiyanın diqqətini başqa istiqamətə yönəldib və onun Suriyadakı təsir gücü əvvəlki qədər deyil. Hazırkı əməliyyatların arxasında okeanın o tayındaki ABŞ-nin də müəyyən maraqlarını görmək mümkündür”.
“Son dövrdə Suriya Milli Ordusu və “Həyat Təhrir əş-Şam” Mənbic və Həma bölgələrini növbəti hədəf seçiblər. Əgər Həma itirilsə, bu, Hüms bölgəsinə, daha sonra isə Dəməşqə gedən yolun açılmasına səbəb ola bilər ki, bu da Əsəd rejiminin sonunu gətirə bilər. Düşünürəm ki, əməliyyatların başlanması “Hizbullah” və İsrail arasında imzalanan atəşkəsdən dərhal sonraya təsadüf edir. Bu, Türkiyə, ABŞ və hətta İsrail arasında koordinasiyalı fəaliyyətin işarəsi ola bilər. Baxmayaraq ki, İsrail və Türkiyə arasındakı münasibətlər tam normallaşmayıb, lakin bəzi məsələlərdə, o cümlədən Suriya məsələsində onların maraqları üst-üstə düşə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov