Balakəndə fərdi evi ildırım vurdu: Otaqlar dağılıb, divar deşildi – FOTO

Balakən rayonunda fərdi evi ildırım vurub.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.

Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb.

Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

COP29