Balakəndə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tədbir keçirildi – FOTO
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində cari ilin iyun-noyabr aylarında ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir. “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilən seminarların keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.
Yenicag.az xəbər verir ki, layihə çərçivəsində növbəti seminar Balakən rayonunda keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb.
Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində Balakən rayonuna xüsusilə qayğı göstərilib, diqqət yetirilib.
Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Azərbaycanda dini-etnik icmaların həmrəyliyinin, birgəyaşayışın əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.
Bakı Beynəlxaıq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov vurğulayıb ki, Azərbaycanda mövcud olan multikultural mühitin formalaşması, multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılması məhz Ulu Öndərin fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti