Balıq yağının istehlakı ürəyə zərər verə bilər

Balıq yağı əlavələrinin müntəzəm istifadəsi sağlam ürəyi olan insanlarda ürək xəstəliyi və insult riskini artıra bilər.

Yenicag.az xəbər verir ki, bu barədə aparılan araşdırmaların nəticələri “BMJ” jurnalında dərc olunub.

Aparılan uzun müddətli araşdırmalar balıq yağının istifadəsinin ürək problemləri olanlara kömək edə biləcəyini, ürək xəstəliyinin inkişafını potensial olaraq yavaşlatdığını və ölüm riskini azalda biləcəyini göstərib.

Tədqiqatçılar müəyyən ediblər ki, balıq yağı əlavələri qəbul edən sağlam insanlarda isə infarkt və insult riskini artıran ürək ritminin pozulması olan atrial fibrilasiyanın inkişaf riski 13% artıb. Nəticələr göstərir ki, onlarda insult riski də 5% artıb.

Ancaq ürək xəstəliyi olanlar üçün müntəzəm olaraq balıq yağı istehlak etmək, atrial fibrilasiya səbəbiylə infarkt riskini 15% və ölümlə nəticələnən ürək çatışmazlığı riskini isə 9% azaldır.

Alimlər, həmçinin, balıq yağı əlavələrinin müntəzəm istifadəsinin ürək-damar xəstəliklərinin irəliləməsinə müxtəlif təsirlər göstərə biləcəyini qeyd ediblər.