Azərbaycanda balıq istehsalı azalıb. Bazarlarda ümumiyyətlə çay və dəniz balıqları qəhətə çəkilib. Yalnız süni göllərdə yetişdirilən balıqlar bazarları zəbt edib ki, bunun da keyfiyyəti sual altındadır.
Mövzu ilə bağlı Sitat.info-ya danışan keçmiş “Azərbalıq” Dövlət Konserninin sədri Hafiz Hacıyev də vəziyyətin ürəkaçan olmadığını bildirib.
Onun sözlərinə görə, hazırda bu sahə müəyyən qrupların əlindədir: “Bu gün Azərbaycanda balıqçılığın bu vəziyyətdə olması həqiqətən ürək ağrıdır. Ona görə ki, Azərbaycanın həm Xəzəri, həm də daxili şirin suları var. Bu gün bir çox sahələr kimi, bu sahə də müəyyən qrupların əlindədir. Onlar da özləri hansı formada istəsələr, o formada idarə edirlər. Məsələn, görürsünüz ki, asetrin balığının kiloqramı 70-80 manata qalxdı. Amma, bu mənim işlədiyim dövrdə hardasa 7-8 manatdan yuxarı deyildi. Bu bu qiymətə saxlamaq mümkün idi”.
H.Hacıyev balıqçılıq sahəsində buraxılan əsas səhvləri də açıqlayıb. Onun sözlərinə görə balıq istehsalı çoxdur, büdcəyə gələn gəlir isə azdır: “Birincisi, dəniz özəlləşdirilməməlidir. Bu, Azərbaycandakı balıqçılığa böyük zərbə vurdu. İkincisi də, Xəzərdə olan kilkə ilə balıq unu istehsal edilirdi və Azərbaycanda quşçuluq fabrikləri təmin olunurdu. Azərbaycanda balıqçılığın inkişafı üçün elə imkanlar var ki, dövlət büdcəsinə hər il milyonlarla manat pul köçürmək olar. Mən sizi əmin edirəm ki, ilin beş-altı ayını dövlət büdcəsini elə balıqçılıqdan gələn pulun hesabına saxlamaq olar. Ancaq bu sahə inhisarçıların əlindədir. Burada böyük imkanlar var. Təzə təsərrüfat sahələri yaratmaq mümkündür. Əlavə olaraq, toplanan balığın eyni qiymətlə satılması mümkündür”.
H.Hacıyev qara kürü məsələsinə də toxunub: “Vaxtilə 55 ton qara kürü istehsal edən bir dövlət artıq 3-4 ton qara kürü istehsalını əldə edə bilmir. Biz deyirik ki, millətimiz dolansın. Xatırlayıram ki, o zaman xüsusi mağazalar açmışdıq və bir adama asetrin 2-3 kiloqramdan artıq satılmırdı, alverçilərin əlinə düşüb qiymətinin bahalaşmasına imkan vermirdik. Bu gün də bunu etmək mümkündür və daha böyük imkanlar var”.
Müsahibimiz qeyd edir ki, hazırda süni göllərdə yetişdirilən bəzi balıqlar var ki, yeyilməsi məsləhət görülmür: “Fəaliyyəti dayandırılan neft quyuları gölməçələrə çevrilərək oraya balıq kürüləri tökürlür. Vaxtilə Neftçala, Salyan ərazisində 3750 hektarda nohur balıqçılıq təsərrüfatı var idi. Ora Xəzərin və Kürün suyundan vurulurdu, çox da keyfiyyətli balıq yetişdirilirdi. İndiki süni gölməçələrdə yetişdirilən balıqlar sağlamlığa ziyandır. Balığın yemlənməsi hər cür zir-zibildən istifadə olunur, neftlə çirklənmiş sularda saxlanılır. Halbuki suyu təmiz, qaydasında olmalıdır. Mingəçevir və ya Kür balığı hara, gölməçə balığı hara…”
Hafiz Hacıyev bu sahəyə rəhbərlik etdiyi dövrün istehsal göstəricilərindən də danışıb: “Statistikaya əsasən 650 ton asetrin, sivryuqa balığı istehsal etmişdik. Onun 250 tonunun Türkiyənin Urfa şəhərində bir şirkətə, kiloqramı 4.5 dollardan satmışıq.
Hardasa 3800 ton da nohur balıqları, sazan, kar, tolstolobik, daxili sulardan və göllərdən yığılan balıqlar idi. Amma 650 ton asetrin balığını biz xaricə satmışıq. O cümlədən də çıxan balıqdan 100 tondan çoxu daxili bazara, qalanı isə xaricə satılaraq dövlət büdcəsinə milyonlarla pul gətirmişdik”.