“Balta olayı”: Adı hallanan mühafizə şirkəti cərimələndi

Azərbaycanda mühafizə fəaliyyəti göstərən Vətən-N Mühafizə Xidməti MMC əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.

Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu ayın əvvəlində şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalını mühafizə edən “Vətən-N Mühafizə Xidməti”nin mühafizəçisi Nurəddin Cəlilov arasında insident yaranıb. A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib.

Faktla bağlı cinayət işi başlanılıb.

COP29