“Reallığa diqqət yetirsək, son illərdə ümumilikdə bank sektorunun gəlirləri artıb”.
Bu fikirləri “S&P Global Rathing” təşkilatı tərəfindən Azərbaycanın bank sektorunda mümkün artım proqnozlarına münasibət bildirən iqtisadçı Elmir Səfərli Yenicag.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, problemli kreditlərin həcmində də artımın qeydə alınmasına baxmayaraq, ümumilikdə bank-kredit sisteminin optimallaşdırılması bankların növbəti ildə öz sabitliyini qoruyacağına zəmin yaradır:
“Bildiyimiz kimi, ilin sonuna doğru “S&P Global Rathings” Azərbaycanın bank sektoru üzrə proqnozlarını açıqlayıb. Orada qeyd olunur ki, 2023-cü ildə bank sektorunda gəlirlər 2,1 faiz, 2024-cü ildə isə 2 faiz təşkil edəcək.
Önəmli məsələ bank sektoru üzrə gəlirliliyin həm pərakəndə məhsullara, həm də ictimai dəyərin normallaşdırılmasına, eləcə də əməliyyat xərclərinin nəzarətdə saxlanmasına yönəlik kredit sisteminin işləkliyi əsasında formalaşmasıdır. Yəni burada həmin faktorlar əsas götürülür.
Təbii, reallığa diqqət yetirsək, son illərdə ümumilikdə bank sektorunun gəlirləri artıb. Bununla yanaşı, verilən kreditlərin həcmində də artım müşahidə edilir. Düzdür, problemli kreditlərin ümumi çəkisində də artım qeydə alınıb.
Lakin ümumilikdə bank-kredit sisteminin optimallaşdırılması, verilən müvafiq qərarlar, o cümlədən, bankların sayının azalması, bütün bank xidmətlərinin fəaliyyətdə olan banklara yönəldilməsi, xidmət sahələrində keyfiyyətin artırılması və başqa nüanslar bankların göstərilən zaman ərzində öz sabitliyini qoruyacaqlarına zəmin yaradır.
Fikrimcə, tək adıçəkilən təşkilat deyil, həm də digər reytinq agentlikləri Azərbaycanın bu sektoru üzrə dəyərləndirməni bəhs etdiyimiz metodla aparır”.
Yusif Səmədzadə